Gündüz İsmayılov: “Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır”backend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda ikigünlük seminar-treninq keçirilib.
Fevralın 26-sı və 27-də Balakən rayonunda keçirilən tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər. Seminar-treninqi giriş sözü ilə açan RİH-nin nümayəndəsi Aqil Bağırov rayondakı dini durum barədə məlumat verib. Vurğulayıb ki, rayonda mövcud olan məscidlərdə vətəndaşlar sərbəst şəkildə dini ayinlərini icra edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkəmiz Şərqlə Qərbin, müxtəlif dinlərin qovuşduğu məkanda yerləşir. Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri yaşayır və dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. “Dünyada dini zəmində baş verən proseslər hamıya bəllidir. Bir çox yaxın ölkələrdə müxtəlif cərəyanlar hökm sürur. Ətrafda baş verən proseslərə rəğmən dini sabitliyi qoruyub saxlamaq olduqca çətin və ağırdır. Bu nailiyyət müvafiq qurumların fəaliyyəti ilə yanaşı, xalqımızın malik olduğu yüksək tolerantlıq, Vətənə və dövlətə bağlılığın nəticəsidir”,-deyə Dövlət Komitəsinin sədr müavini əlavə edib.
Gündüz İsmayılov onu da vurğulayıb ki, respublikamızda mövcud olan dini etiqad azadlığı insanpərvərlik prinsiplərinə zidd olmayan dinlərin və dini cərəyanların ölkəmizdə sərbəst fəaliyyətinə zəmanət verir. DQİDK-nın sədr müavini deyib ki, dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev deyib ki, din ayrı-ayrı fərdlərin həyatında olduğu kimi cəmiyyət və dövlətlərin həyatında da fərqli rol oynayır. Belə ki, bəzi dövlətlər şəriət, bəziləri isə dünyəvi qayda-qanunlar ilə idarə olunur. “Elə ölkələr də var ki, insanların vicdan azadlığı qismən, yaxud tam şəkildə məhdudlaşdırılır. Bütün bunları nəzərə alaraq, dünyadakı dövlət-din münasibətləri ilə bağlı belə bir təsnifatlandırma apara bilərik: ateist model; teokratik model; rəsmi dini olan model və dünyəvi dövlət modeli.Bu gün az adam tapılar ki, dünyada baş verən ictimai-siyasi proseslərdə dinin özünəməxsus rol oynamasına şübhə ilə yanaşsın”,-deyə, şöbə müdiri əlavə edib. Sadiq Mirzəyevin sözlərinə görə, artıq din insanların şəxsi həyatının bir hissəsi olmaqdan daha çox ictimai-siyasi proseslərin aktiv hərəkətverici qüvvəsinə çevrilib. Natiq onu da deyib ki, bunun bəzi ölkələrdə siyasi təşkilatların öz məqsədlərini həyata keçirmək üçün dindən istifadə etməsi, Qərbdə islamofobiyanın artması, ultramühafizəkar partiyaların radikal fəaliyyətinin aktiv fazaya keçməsi, İslam dünyasında din adı altında baş verən münaqişələr kimi açıq nümunələri var.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.