“Güney Azərbaycan müstəqil dövlətə çevriləcək”backend

Politoloq Fikrət Sadıqov İran İslam Respublikasında molla rejiminə qarşı xalq etirazları və Cənubi Azərbaycanın taleyi barədə öz fikirlərini bölüşüb.

“Yeni Gundem” xəbər verir ki, politoloq bildirib ki,insanlar hələlik etirazları kortəbii şəkildə davam etdirəcəklər:

“Düşünürəm ki, yaxın gələcəkdə biz etirazların səngiyəcəyini müşahidə etməyəcəyik. Çünki etirazlar genişmiqyaslı xarakter alıb.Əvvəla, bu etirazın xarizmatik lideri gözə görünmür. Yəni ortada etiraz aksiyalarını idarə edən hansısa bir siyasi qüvvə olmalıdır. Həmin qüvvə xalqı arxasınca aparıb, konkret proqram çərçivəsində insanları rejimə qarşı yönəltməlidir. Biz bunların heç birini müşahidə etmirik. Belə görünür ki, hələ bu lider yetişməyib və ona görə də insanlar hələlik etirazları kortəbii şəkildə davam etdirəcəklər. Digər reallıq da bundan ibarətdir ki, İran rejimi artıq etirazçıların bir sıra tələbləri ilə hesablaşmalıdır. Əks halda etirazlar səngiməyəcək”.

Onun fikrincə,GGüney Azərbaycanın taleyi azərbaycanlıların özündən asılı olacaq

“Əminəm ki, onların arasında xalqı irəli aparan, xalqın yeni bir formatda inkişaf etmək yolunda addımlar atmasına kömək edəcək insanlar çoxdur. Mən buna şübhə etmirəm. Lakin düşünmürəm ki, əgər rejim devrilərsə, dərhal Güney Azərbaycan müstəqil dövlətə çevriləcək. Çünki burada bir sıra məsələlər var. Zaman və tarix göstərir ki, nə şah rejimi, nə molla rejimi Azərbaycana qarşı mülayim münasibət nümayiş etdirib. Bunu biz görürük və bir sıra ekspertlərin rəyi də bunu göstərir. Yəni əgər azərbaycanlılar geniş şəkildə muxtariyyət almaq istəyirlərsə, öz dillərində oxumaq, mətbuat yaratmaq, daha geniş şəkildə öz tarixlərini öyrənmək, dili inkişaf etdirmək istəyirlərsə, bunun üçün özləri mübarizə aparmalıdır. Hesab edirəm ki, Güney Azərbaycanın taleyi azərbaycanlıların özündən asılı olacaq. Onlar bu yolda mütəmadi şəkildə və ardıcıl formada mübarizə aparmalıdırlar. Çünki onların əvəzinə bunu heç kəs edə bilməz. Belə olan halda nələrəsə nail ola bilərlər”.

Fərahim RƏHİMOV