Gürcüstan Prezidenti barədə istintaq başladıldıbackend

Gürcüstan Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək imzaladığı qalmaqallı əfv fərmanı ilə bağlı onun barəsində istintaq başladıb.

 “Yeni Gundem”in verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. 

“Gürcüstan Baş Prokurorluğu Ramaz Devadze, Aslan Bejanidze, Zurab Nadiradze və digərlərinin əfv edilməsi zamanı rəsmi səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı istintaqa başlayıb”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, S. Zurabişvili avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb

Bildirilir ki, R. Davadze 2014-cü ildə polis əməkdaşını qətlə yetirib.

A. Bejanidze 2004-cü ildə məşhur gürcü tarixçi Marik Lortkipanidzenin 18 yaşlı nəvəsini öldürüb, 12 il sonra həbs olunub.

1994-cü ildə gənc oğlanı qətlə yetirən Z. Nadiradze isə 23 il hüquq-mühafizə orqanlarından gizlənib, 2017-ci ildə həbs edilib.