“Guya İlkin təcridxanada yuxuda sayıqlayıb, deyib ki, “Nərmini mən öldürmüşəm”backend

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin isə yandırılmasıyla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində proses keçirilib.

İ. Süleymanovun vəkili prosesdə maraqlı detalı açıqlayıb. O, bildirib ki, İ. Süleymanovun yuxuda sayıqlaması zamanı dediyi sözü sübut olaraq göstəriblər: “Guya İlkin təcridxanada yuxuda sayıqlayıb, deyib ki, “Nərmini mən öldürmüşəm”. İfadəsində bunu deyən adamın dindirilməsinə ehtiyac durulur, amma daha əhəmiyyətli ifadə verən adamın dindirilməsinə yox. Sayıqlama ilə adamı belə ağır cinayətdə ittiham edərlər?”.

Ümumiyyətlə, hər hansı təqsirləndirilən şəxsin yuxuda sayıqlamasından sübut kimi istifadə oluna bilərmi? Hüquqda bu haqda hər hansı məsələ nəzərdə tutulurmu?

Hüquqşünas Əlövsət Allahverdiyev məsələ ilə bağlı “Yeni Sabah”a bildirib ki, məhkumetmə fərziyyələrə əsaslana bilməz. Heç kim cinayətdə təqsir fərziyyələri ilə mühakimə oluna bilməz. Təqsir barədə qərar verərkən fərziyyələr, fikirlər, nəticələr, təxminlər, nə qədər inandırıcı görünsə də, eyni zamanda fərziyyələr kimə məxsus olsa da ümumiyyətlə nəzərə alınmır.

“Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Göründüyü kimi əsaslı şübhələrin olması, cinayətin həmin şəxs tərəfindən törədilməsi anlamına gəlməməlidir. Hər hansı bir düşüncə və ya ifadə kifayət qədər əsaslandırılmalıdır. Onun əsası yoxdursa, doğru hesab oluna bilməz.

Təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilənə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilənə qədər günahsız sayılır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28-ci maddəsinin 28.5-ci bəndinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qanunvericiliyin bu bəndi bir daha təsdiq edir ki, şəxsi kimlərinsə əsası olmayan mülahizələrə görə, hətta təqsirləndirilən şəxsin özünün sübut olunmayan aldadıcı etirafına görə mühakimə etmək qanunaziddir. Qaldı ki, kiminsə yuxuda sayıqlmasna ki, bu cinayəti mən törətmişəm və bunun da sübut kimi dəyərləndirilməsi, bu heç cür inandırıcı deyil və düşünmürəm ki, məhkəmə bunu sübut kimi dəyərləndirsin. İnanıram ki, burada bir anlaşılmazlıq var. Bütün hallarda əsaslı sübutlara ehtiyac var”.