“Hamı Şuşaya gedib hərəsi bir ev tikdirib, hər binadan balkonlar çıxartmağa ehtiyac yoxdur”backend

Bir çox televiziya layihələrinin prodüseri və rəhbəridir. İmzası olduğu layihələr qısa zaman ərzində böyük reytinq toplayır. Bu da onun göstəricisidir ki, bu günün tamaşaçısının nəbzini tutmağı bacarır.

Televiziya prodüseri Oqtay Əliyevin müsahibəsibi təqdim edirik:

– Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı necə ifadə edərdiniz?

– Bu qələbə bizim üçün gözlənilməz oldu. Sentyabrın 25-i kiməsə desəydilər ki, 40 gündən sonra  Dağlıq Qarabağ, o cümlədən Şuşa işğaldan azad olunacaq, heç kim inanmazdı. Sentyabrın 27-dən Noyabrın 8- nə qədər o qədər qürurverici hadisələr yaşadıq ki… Qürur, sevinc, fərəh, kədər…. İçimizdə qələbə aclığı vardı və biz bunların hamısını ard-arda yaşadıq. Noyabrın 8-dən sonra insanın əhvalı dəyişdi, ruh yüksəkliyi yarandı. Lələtəpə yüksəliyi alınanda bir neçə gün bunun şərəfinə bayram etdik, konsertlər verdik, sevincimizin həddi-hüdudu yox idi. Bilmirdik sevincimizi necə qeyd edək. İndiki qələbəyə baxanda isə görürsən ki Lələtəpə onların yanında bir zərrədir. Bunlar çox qürurverici hisslərdir. Təbii ki, bu qələbə heç də asan başa gəlmədi. Xalqımızın igid, mərd oğulları canlarından keçdi. Bizim ailədə də şəhidərimiz oldu. Allah torpaq uğrunda canından keçən hər bir şəhidimizə rəhmət etsin.

– Qarabağın işağldan azad olunması sizdə  doğulduğunuz İrəvanın azadlığı üçün bir inam, ümid yaratdımı?

– Nəinki Qarabağ azad olunandan, Bakıya köçdüyüm gündən bəri İrəvana gedəcəyimi ümid etmişəm. Mənimlə bərabər hər zaman Qərbi Azərbaycanlıların fikrində, arzusunda, ürəyində o amal mövcud olub. Təbii ki, biz də onu istəyirik. Yəqin  ki, o günləri  görmək bizə də qismət olar. O zaman biz də deyəcəyik ki, torpaqlarımız düşməndən azad olundu. Hər insan öz obasına, elinə geri dönəcəyi günü gözləyir.

Biz Yerevanın özündənik, amma qohumlarımız Göyçədəndirlər. Onlar səbrsizliklə gözləyirlər ki, Kəlbəcərə getsinlər, sərhəddə Zoddan, Basarkeçərdən baxıb öz kəndlərini görsünlər. Bu ümidlə yaşayan xalq əlbəttə ki, bir gün də öz toraqlarına gedəcək.

– Qarabağla bağlı hər hansı layihə düşünürsünüzmü?

– Qarabağla bağlı bir çox layihələr düşünürük. Sadəcə olaraq bir balaca buna vaxt lazımdır. Torpaqlar minadan təmizlənməlidir ki, orada gediş-gəliş rahat olsun. Ondan sonra  hər bir vətəndaş dövlətdən kənar özü burada nələrsə etməlidir. SSRİ dövründə, yəni müharibədən sonrakı dönəmdə tələbə gənclər briqadaları yaranmışdı. Onlar düşəgələrdə könüllü şəkildə işləyirdilər. Aylarla torpaqların əkilməsində, binaların tikilməsində böyük qrup şəklində çalışırdılar. Çox istərdim ki, bu könüllü gənclər briqadası yaradılsın, onlar orada ən azından mədəniyyət evlərinin, kinoteatrların, əyləncə mərkəzlərinin tikməsində, hazırlanmasında dövlətimizə təmənansız olaraq kömək etsinlər. Kimin əlindən nə gəlirsə əsirgəməməlidir.

– Tarixə nəzər salsaq görərik ki, tanınmış xanəndələrimiz Qarabağda yetişib. Sizcə II Qarabağ müharibəsindən sonra o ənənə, məktəb davam edəcəkmi?

– Bu ənənə hər zaman olub. 30 ildə Azərbaycanda 300-dən çox yeni gənc xanəndələr yetişib. Hazırda onlar dünyanın beynəlxalq muğam müsabiqələrində iştirak edirlər. Bu gənclər nəinki Qarabağda doğulub, heç ayaqlarını da o torpaqlara basmayıbar. 30 il ermənilər Qarabağda yaşadılar, ancaq onların heç birinin səsi boğazından çıxmadı. Yəni bu torpaqdan, havadan, meşədən, sudan deyil gendən gəlir. Bunun üçün Qarabağlı olmalısan. Gərək insanın qanında ola, aparıb calaq etməklə alınmır.

Qarabağdan olan gənclərimiz gecə-gündüz üzərlərində işlədilər, bu zamana qədər  sənətlərini, ənənələrini  itirmədilər. Bu gün də alnı açıq, üzü ağ Qarabağa geri qayıtsalar, o ab-havanı yaradacaqlar.

  Gələn il Şuşada “Turkvision” mahnı müsabiqəsinin  keçirilməsi gözlənilir. Sizcə belə festivallar bizim Qarabağın dünyaya tanıdılmasında nə kimi rol oynaya bilər?

– Nəinki “Turkvision”, bu torpaqlarda daha böyük, beynəlxalq layihələr etmək lazımdır. Hardasa dünya çapında olan kino festivallardan birini Şuşaya salmaq zəruridir. Bu da təbliğatın bir növüdür. 30 il ermənilər “Şuşa” deyə-deyə buranı pis günə qoydular. Paşinyan çıxışında bildirib ki, bütün günü Şuşa deyirdiniz, amma sevdiyiniz Şuşanı viran qoydunuz. Buraya bir yad münasibət göstərdiniz. Yəni məsələ Şuşa deməklə deyil. Sadəcə olaraq kimin xaricdə imkanı vardısa Şuşada 2-3 ev tikdirib, təmiz havada 2-3 ay qalıb gedirdilər. Bundan başqa ermənilər Şuşada heç nə etmədilər.

Orada yallı, kulinariya, at festivalları keçirmək lazımdır.  Ötən il Gədəbəydə Milli Yaylaq festivalı necə maraqlı və gözəl idi. Bu festivala xeyli sayda turist gəldi və buradakı milli mənəvi dəyərlərimiz bir çox xarici mətbuatda göstərildi. Yəni belə festivalların Qarabağda keçirilməsi birbaşa olaraq oranın təbliğatına xidmət etmiş olacaq.

Təklif edirəm ki, Şuşada yaşayanlar evlərinə obalarına geri dönsünlər,  ancaq Şuşanın o dilbər guşələrində mədəni  tədbirlər festiallar üçün şərait  yaratsınlar.  Yoxsa hamı Şuşaya gedib hərəsi bir ev tikdirib, hər binadan balkonlar çıxartmağa ehtiyac yoxdur.

Təkcə Şuşadamı?

– Nəinki Şuşada, bütün o torpaqlar cənnət məkandır. Misal üçün, Kəlbəcər çox gözəldir. Nə İsveçrədə, nə Avstryada, hətta Kanadanı daha çox tərifləyirlər, elə orda belə Kəlbəcərdəki gözəllik yoxdur. Kəlbəcərə əl vurmaq olmaz. Düzdür, infrasturuku qurmaq,  yolları asfaltlamaq, evləri təmir etmək lazımdır. İndi turistlər vəhşi təbiətə daha çox meyllidirlər, nəinki qazonlu meşələrə. Mütləq bunlara diqqət yetirmək lazımdır. Dövlət bu torpaqlarda hər bir işi görəcək. Əsas odur ki, bu işdə dövlətin yanında olaq və onlara köməklik edə bilək.Moderator