Hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 5 000-dən çox şəxs elektron qolbaq daşıyır və onların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir.
Bu barədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunan müşavirədə bildirilib.
Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, bir çox əməllər dekriminallaşdırılıb, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit edilib, probasiya institutu təsis olunub.
Nazir görülmüş işlərlə yanaşı, probasiya fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsini, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini diqqətə çatdıraraq xidməti vəzifələrinin icrasında pozuntulara, o cümlədən xidmətdənkənar münasibətlərə və korrupsiyaya şərait yaradan hallara yol verən əməkdaşlarla bağlı görülən ciddi intizam tədbirlərinə toxunub. İşin səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və işçilərin məsuliyyət hissinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən Monitorinq qrupunun yaradıldığını bildirib.
Müşavirədə bu sahədə iş yükünün çoxalması nəzərə alınaraq Xidmətin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib, qurumun yeni rəis müavini vəzifəsinə təyinat aparıldığı qeyd olunaraq tabe qurumların fəaliyyətinə nəzarətin, əməli və metodiki köməkliyin gücləndirilməsi, şəffaflığın və tələbkarlığın artırılaraq aşkar olunan nöqsanlara prinsipial münasibət bildirilməsi ilə bağlı konkret göstərişlər verilib.