Həbsdə olan tikinti şirkətinin direktorunun cinayət işində 30 zərərçəkmiş varbackend

Sumqayıtda dələduzluqda təqsirləndirilən Rafiq Nəsirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Yeni Gundem”-in məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 30 zərərçəkmiş var.

Qeyd: Rəsmi məlumata görə, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

İstintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Nəsirov Rafiq Nəsib oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Emil Səməndərovun cinayət işi ayrıca icraata ayrılıb.Pravda.az