“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” – İnfeksionistbackend

Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib. O, risk qruplarında əhalinin 75 faizə qədərini vaksinləşdirilməsini tələb edib. Buna səbəb kimi payız fəslində qriplə koronavirusun simptomlarının bir-birindən ayırd edilməsi məqsədi güdülür.

Qərbin və Ümumdünya Səhiyyə Təşkilatının bütün xəbərdarlıqlarına baxmayaraq Rusiya koronavirus vaksinini oktyabr ayında insanlara tətbiq etməyi düşünür. Hətta Putinin qızına artıq bu vaksinin vurulduğu iddia olunub. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko isə şok iddia ilə çıxış edib. O bildirib ki, yalnız əhali arasında deyil, həkimlər arasında da vaksinasiyaya etibar azalıb. Mərkəzi Gömrük Xəstəxanasının tanınmış həkimi, infeksionist Nicat Əzimli “Şərq”ə açıqlamasında ölkəmizdə mövsümqabağı influenza vaksinini etdirməkdə heç bir zərər görmədiyini bildirib: “Nəzərə alsaq ki, çox nadir hallarda bu vaksinin yan təsirləri ola bilir. Amma əhalinin qripə qarşı vaksinasiyası doğru addımdır. Burada könüllülük prinsipi əsas rol oynayır. Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz. Qaldı ki, “COVID-19” xəstəliyinə qarşı vaksini məsələsinə. Dünyada artıq 6 mərkəz bu vaksini tapıb və test etmə mərhələsindədir. Rusiya da hələ sadəcə testə başlayıb. Bu proses aylarla zaman tələb edir və sonda vaksin yararsız da ola bilər. Buna görə də Rusiyanın “vaksin tapdıq” deməkdə tələsdiyini düşünürəm. Rusiyanın hazırladığı bu vaksin kifayət qədər insan üzərində sınaqdan keçirilməyib. Bu mənə görə tələsik başlanılmış vaksinasiya prosesidir. Çünki Rusiyadakı vaksinasiya prosesi və ondan sonrakı ən azı 3 aylıq periodu müşahidə etmək, daha sonra bu vaksin haqda obyektiv qərar vermək lazımdır”.

Həkim-infeksionist vaksinin yan təsirlərindən də söhbət açıb: “Vaksinlərin növündən asılı olaraq, əgər vaksin parenteral üsulla tətbiq olunursa 60%-ə qədər ehtimalla inyeksiya yerində affekt, qızartı, şişkinlik, ağrı, qaşınma verə bilir. Sistemik əlamətlər olaraqsa bir neçə gün qızdırma, baş ağrısı, əzələ ağrıları, iştahasızlıq görülə bilər. Lakin, bu əlamətlər qorxulu deyil, nəticədə hamısı keçib gedir və fərdin xəstəliyə qarşı immuniteti formalaşmış olur. Vaksinasiya ilk öncə risk qrupunda olan şəxslərə tətbiq olunur. Bura yaşı, yanaşı xəstəliklərinin olması və işi ilə əlaqədar risk qrupunda olan şəxslər daxil olunur. Daha sonra əhalinin digər qismi vaksinasiya olunur”.