Həkim baş redaktorla RAZILAŞIR: “Maskaların yerə atılması təhlükəlidir”backend
“Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır”
“Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər”
“Maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”
Son günlər tibbi maskalardan istifadə ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Paytaxt küçələrində istifadə olunub sonra yerə atılan maskaların sayı günü-gündən çoxalır. Təbii olaraq bu hal narahatlığa səbəb olur. Çünki virus daşıycısı ola bilən şəxsin maskanı istifadə edib yerə atması yoluxma riskini artıra bilər.
Sözügedən məsələyə dair “Mediaxeberleri.az” informasiya portalının baş redaktoru, tanınmış jurnalist  Ələddin Qarayev maraqlı təklif verib. Baş yazar söyləyib ki, ətrafa atılan maskalar üçün zibil qutuları qoyulsun və sonra həmin qablar utilizasiya edilsin:
“İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etdikdən sonra onu ətrafa atır. Bu halda yoluxma riski artır”.
Mövcud durumu “Sherg.az”a şərh edən həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu tibbi maska və əlcəklərdən, gigiyenik vasitələrdən istifadə etməkdir:
“Şəhərimiz olduqca böyükdür. Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır. Maskaların yerə atılması təhlükəlidir. Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər. Məsələn, maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”.
Həkim qeyd edib ki, tibbi maskalar və əlcəklər istifadədən sonra qapalı qutulara atılmalıdır:
“Ölkəmizdə qapalı qutular var. Amma bəzən o qutuların ağzını açıq qoyurlar.  Bu, düzgün deyil. Səslənən təklif çox maraqlıdır. Küçələrdə qapalı qutular olsa, çox yaxşı olardı”.