Həkim səhlənkarlığının qurbanı olan gənc ananın yaxınlarına qarşı haqsızlıq, yoxsa…? – VİDEObackend

Azərbaycanda burunda çəpər əyriliyi əməliyyatı etdirən 34 yaşlı gənc ana həkim səhlənkarlığının qurbanı olub. Belə ki, yanvarın 18-də çəpər əyriliyi əməliyyatı etdirən iki uşaq anası Əliyeva Günay Süleyman qızı əməliyyatdan 3 gün sonra dünyasını dəyişib. Yaxınları Günay Əliyevanın ölümünə səbəb kimi “Elmed” Tibb Mərkəzinin həkimi, otolarinqoloq (LOR) Natavan Əliyevanın məsuliyyətsizliyini və əvvəlcədən heç bir müayinə aparmadan, analiz etmədən yalnış əməliyyat etməsində görürlər.

Həmçinin vəfat edən ananın yaxınları hadisə ilə bağlı “Baku City Hospital”ın həkimi Bayram Qorçiyevi də həkim məsuliyyətsizliyin də, onlara qarşı kobud rəftarda və ananın sıradan çıxan daxili orqanlarının yenisi ilə əvəzlənməsi üçün 300 min manat pul istəməkdə ittiham edirlər.

“Vətənxəbər”in məlumatına görə, PostNews.Az xəbər portalına müraciət edən Günay Əliyevanın bacısı Xanım İsmayılova hadisə ilə bağlı daha geniş və xronoloji ardıcılıqla danışıb. O, baş vermiş hadisədən hüquq mühafizə orqanlarına müraciət etdiklərini, amma istintaqın qeyri-obyektiv olduğunu söyləyib.

Məsələ ilə bağlı həm “Elmed” Tibb Mərkəzinin həkimi, otolarinqoloq (LOR) Natavan Əliyeva, həm də “Baku City Hospital”ın həkimi Bayram Qorçiyev ilə əlaqə saxlayaraq, fikirlərini öyrəndik. Hər iki həkim ittihamları rədd edir və baş vermiş hadisəyə görə özlərini təqsirkar hesab etmirlər.

Onu da qeyd edək ki, N.Əliyeva və B.Qorçiyev PostNews.Az-a müsahibə zamanı pasiyentlərinin olduğunu vurğulayaraq, suallardan yayınmağa çalışıblar.

Ümumiyyətlə, hadisə ilə bağlı ətraflı təqdim etdiyimiz videomaterialı izləməklə tanış ola bilərsiniz.

X.İsmayılova müsahibəsində məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət etdiklərini və işlərinə obyektiv baxılmasını xahiş edib.