Helikopterin vurulması ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

“Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mİ-24 hərbi helikopterinin vurulmasının təxribat nəticəsində olmasına heç bir şübhəm yoxdur. Əsas məsələ təxribatın kimin tərəfindən törədilməsi də deyil. Ermənistan, yaxud Rusiyanın olması əlavə araşdırmalar mövzusudur. Bu dəqiqə ən vacibi helikopterin ekipaj üzvlərinin hansı milliyətdən olması təcili aydınlaşdırılmalıdır. Bu hal çox suallara cavab verəcək. Bunların Şuşanın azad edilməsindən sonra Xankəndinin təhlükədə olması, Azərbaycan Ordusunun digər istiqamətlərdəki uğuru ilə birbaşa əlaqələri var”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı dərhal bəyanat yayması və üzrxaqlıq etməsi çox doğru addımdır: “Heç kimə əlavə bəhanə vermək lazım deyil. Heç bir narahatçılığa da əsas yoxdur. Ölkə rəhbərliyi bu seçimi edəndə nələrin olduğunu, dünyada, bölgədə hansı proseslərin baş verdiyini hesabladığına da heç bir şübhəm yoxdur. Bu gün ən əsası birliyimizi saxlamalı və Ali Baş Komandana, ordumuza sonsuz güvənimizi göstərməliyik ki, dünya, o cümlədən uğurlarımızı həzm edə bilməyən, cürbəcür təlimlərlə, bəyanatlarla, eyhamlarla bizi qorxutmaq istəyən qüvvələr Azərbaycanın 1990-cı ilin əvvəllərindəki Azərbaycan olmadığını, istənilən addımda bütün Azərbaycan xalqını qarşılarında görəcəklərini və bizi heç kim tutduğumuz yoldan çəkindirə bilməyəcəklərini görsünlər. Hadisələrin ən pis istiqamətdə cərəyan etməsindən də ən çox zərəri biz yox, bizi təxribata çəkmək istəyənlər görəcəklər. Hadisələr bəzilərinin ehtimal etdiyi ən pis istiqamətdə cərəyan edəcəyi təqdirdə belə udan tərəf Azərbaycan, uduzan tərəf isə Ermənistan və onu acı məğlubiyyətdən xilas etmək istəyən qüvvələr olacaq. Hamı bir şeyi bilməlidir ki, Ermənistana dəstək olacaq ölkələrdən dəfələrlə çox və güclü ölkələr bizə dəstək olacaq. Zənnimcə, baş verən təxribat müharibənin gedişatına təsir etməyəcək və ordumuzun zəfər yürüşü davam edəcək! Qələbə Bizimlədir! Sputnik Armeniya xəbər agentliyinin Ermənistan Müdafiə Nazirliyinin ekipaj üzvlərinin dövlət mükafatları ilə təltif ediləcəyi xəbəri də mənim şübhələrimi təsdiq edən haldır”.