Hər dördüncü ölkə qlobal istiləşməyə məğlub olacaqbackend

Dünya şəhərlərinin dörddə biri qəfil iqlim fəlakətindən xilas ola bilməyəcək.

Bu barədə “The Guardian” Carbon Disclosure Project (CDP) araşdırmasına istinadla xəbər yayıb.

Məlumata görə, mütəxəssislər dünya şəhərlərinin qlobal istiləşməyə hazırlığını yoxlayıblar və bu məqsədlə 800 yaşayış məntəqəsində araşdırma aparılıb. Bunlardan 43 faizinidə (ümumi əhalisi 400 milyon) iqlim dəyişikliyindən gələn təhdidlərlə mübarizə planı olmayıb.

İngiltərənin Sautend, Braziliyanın Rio-de-Jeneyro və ABŞ-ın Kolumbus şəhərləri də daxil olmaqla şəhərlərin 25 faizi ətraf mühit proqramlarının maliyyələşdirilməsində defisit yaşayır.

Araşdırmada o da bildirilir ki, bəzi ölkələr ətraf mühitə mənfi təsirləri azaltmaq üçün dəstəkləyici tədbirlər görməyə çalışırlar. Binaların damlarına günəş panelləri quraşdırılır, parkların sayı artırılır. London, Bristol, Los-Anseles və Afina bunun yaxşı nümunəsidir. Yunanıstanın paytaxtında sakinlər küçələri sərinlətmək üçün evlərinin damlarını yaşıllaşdırırlar.

Qeyd edək ki, qlobal istiləşmə ilə mübarizə üçün 2015-ci ildə 186 ölkə və Aİ Paris İqlim Sazişini imzalayıb. Azərbaycan Respublikası bu Sazişi 2016-cı ilin aprel ayında imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. Sazişə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim edib və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.