Hərbi Prokurorluğun səmərəli fəaliyyətinə kölgə salmaq cəhdlərinin heç bir əsası yoxdurbackend

Ölkədə aparılan islahatlar  Hərbi Prokurorluq sahəsində də uğurla həyata keçirilir.

XeberBiz.com bildirir ki, ara-sıra sosial şəbəkələrdə və bir neçə xəbər portalında Hərbi Prokurorluğun fəaliyyəti əsassız olaraq tənqid edilir. Bu tənqidlər əsassız olmaqla, qurumun uğurlu fəaliyyətinə kölgə salmaq cəhdlərindən başqa bir şey deyil. Hərbi Prokurorluq orqanlarının son illərki məqsədəuyğun fəaliyyətinə, hərbi cinayətkarlığa qarşı mübarizədə sərgilədiyi qətiyyətli mövqeyinə diqqət etdikdə, bu tənqidlərin şər və böhtana söykəndiyini və qərəzli olduğunu aşkar görə bilərik.

Ölkə prezidenti cənab İlham Əliyevin  müəllifi olduğu geniş miqyaslı islahatlar Respublika Hərbi Prokurorluq sistemindən də yan keçməyib. Təsadüfi deyil ki, bu gün Hərbi Prokurorluğun birbaşa vəzifələri əməkdaşlar tərəfindən (hərbi hissələrdə qanunun aliliyini qorumaq, zabit-əsgər münasibətlərinin qanuni müstəvidə qurulmasına nəzarət etmək, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə aparmaq və sair.) yüksək peşəkarlıqla icra olunur. Heç kimə sirr deyil ki, bir neçə illər bundan əvvəl hərbi hissələrdə zabitlərin öz tabeliyində olan hərbi qulluqçularla və əsgərlərlə davranış qaydalarında kobudluqlara,  qeyri insani rəftarlara tez-tez rast gəlinirdi. Bu da hərbi hissədə cinayətlərin  və əsgər intiharlarının artması ilə müşaiət olunurdu. Bütün bunlar isə Silahlı Qüvvələrimizi ictimaiyyətin gözündən salır, orduya inamı zəiflədirdi. Bu da müharibə şəraitində yaşayan ölkəmiz üçün faciəvi bir hal idi.

Məhz Hərbi Prokurorluq əməkdaşlarının hərbi hissələrdə apardığı praktik işlər, profilaktik tədbirlər, nəzarət mexanizminin gücləndirilməsi və s. hərbi cinayətlərin sayını minimuma endirmişdi.

Hərbi Prokurorluq sistemində aparılan məqsədəuyğun islahatlar nəticəsində bu qurumun əməkdaşlarının fəaliyyəti hərbi hissələrdə qanunun aliliyini qorumaqla yanaşı, həm də ədalət və hümanizim prinsiplərini əsas götürməklə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəlmişdir. Bu da gənc əsgərlərin əvvəlki illərlə müqayisədə dəmir barmaqlıqlar arasına düşməsi faktını xeyli azaltmışdı. Ölkəmizin Hərbi Prokurorluq əməkdaşları gənc əsgərlərin gələcək talelərini düşünərək,   ədalət və hümanizim prinsiplərini özləri üçün fəaliyyət meyarı hesab edirlər. Eyni zamanda zabit və gənc əsgərlər arasında  maarifləndirici fəaliyyətlərini də həvəslə davam etdirirlər.

Savadlı, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran gənc kadırların bu sistemdə işə qəbulu və vəzifə pillələrində irəli çəkilməsi Hərbi Prokurorluğun imicini müsbət mənada dəyişmişdi.

Heç şübhəsiz ki, islahatlar ölkəmizin bütün sahələrində olduğu kimi, Hərbi Prokurorluq sistemində də uğurla davam edəcək. Bu islahatlar ordu quruculuğuna da müsbət mənada öz layiqli töhfəsini verməkdədir.

Bu gün hərbçilərimiz Hərbi Prokurorluq əməkdaşlarına qorxulu obraz kimi deyil, ədalətin keşiyində dayanmış və qanunun aliliyinə xidmət edən əsl hüquqşünas kimi baxırlar. Sevindirici haldır ki, insan hüquq və azadlıqlarının qanun çərçivəsində qorunması Hərbi Prokurorluq əməkdaşlarının sevimli fəaliyyətinə çevrilib. Bunun nəticəsində də əksər cinayətlər azalmışdır.

Rəsmi rəqəmlərə diqqət etsək, görərik ki, ötən il 2019-cu illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 53,8%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %, xuliqanlıq cinayətləri 83,3 %, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalmışdır. Bu da təbii ki, Hərbi Prokurorluq əməkdaşlarının öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmasının əməli nəticəsidi.

Respulikanın Hərbi Prokuroru Xanlar Vəliyevin mütəmadi olaraq, o cümlədən Vətən müharibəsi ərəfəsində və zamanı müxtəlif günlərdə ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması, həmçinin bu məqsədilə Baş prokuror Kamran Əliyevlə, müdafiə nazirinin müavini Kərim Vəliyevlə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə birlikdə müvafiq olaraq Müdafiə Nazirliyinin tabeliyində olan və cəbhə xəttində yerləşən hərbi hissələrə və Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə gedərək şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla söhbətlər aparması Silahlı Qüvvələrə və onun şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Yerigəlmişkən qeyd olunmalıdır ki, hər il olduğu kimi, ötən il də, həmçinin məlum döyüşlər zamanı Hərbi Prokurorluğun rəhbər işçiləri, o cümlədən hərbi prokuror və müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfərlər ediblər. Bütün görüşlərdə hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlara vətənpərvərlik hislərinin aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılıb. Verilən suallar ətraflı cavablandırılıb, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlər görülüb, xidməti vəzifələrini nümunəvi icra edənlər mükafatlandırılıb. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılıb. Bütün bunlar Hərbi Prokurorluq əməkdaşlarının səmərəli fəaliyyətinin və bu sahəyə olan yüksək diqqət və qayğısının təcəssümüdür.

Onu da qeyd edək ki, 2020-ci il Hərbi Prokurorluq orqanları üçün də uğurlu il olmuşdu. Belə ki, əvvəlki illərdə olduğu kimi, Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

44 gün davam edən Vətən savaşında döyüşən Ordumuzun zəfər qazanmasının əsas amillərindən biri də ciddi nizam-intizamın olması, zabit-əsgər münasibətlərinin sivil qaydada, qarşılıqlı hörmət əsasında qurulmasının nəticəsi idi. Vətən müharibəsi başladığı tarixdən işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə Respublika Hərbi Prokurorluğunda operativ qərargah yaradılıb, ayrı-ayrı vaxtlarda hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş əməliyyatları aparılan bölgələrə ezam olunaraq gündəlik ortaya çıxan məsələlərin, bəzi hallarda Hərbi Prokurorluğun funksiyalarına aid olmayan problemlərin yerindəcə həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin ediblər. Belə ki, əməkdaşlar döyüş bölgələrində xidməti vəzifələrinin icrası ilə bərabər, müşahidələr aparmaqla, hərbi qulluqçuların qayğıları ilə maraqlanaraq, hər hansı nöqsan, çatışmazlıq və çətinlik aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində tədbirlər görmüş, o cümlədən zəruri hallarda aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunmasını təmin ediblər.

Qeyd olunmalıdırki, Hərbi Prokurorluq orqanlarının uğurlu fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası  Prezidentinin 2020-ci il, 30 dekabr tarixli Sərəncamı ilə Hərbi Prokurorluğun 9 işçisi medallarla təltif edilmişdir.

Yuxarıda sadaladıqlarımıza, o cümlədən göstərdiyimiz rəqəmlərə,  həyata keçirilən digər tədbirlərə və göz qabağında olanlara əsaslanaraq, bir daha əmin oluruq ki, Hərbi Prokurorluq əməkdaşlarının fəaliyyətinin tənqidi əsassız və qərəzli olmaqla həqiqəti əks etdirmir, bunun da haqsızlıqdan və ədalətsizlikdən başqa adı yoxdur. İnanırıq ki, əsas vəzifələri qanunun aliliyini qorumaq, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizə aparmaq və insan hüquq və azadlıqlarını qorumaq  olan Hərbi Prokurorluq orqanlarının fədakar əməkdaşları bundan sonra da öz fəaliyyətlərini qanunvericiliyin tələbləri və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəyərli tövsiyələri əsasında uğurla davam etdirəcəklər.