Həsən Ruhaninin İlham Əliyevə zəngi ilə bağlı ŞƏRHbackend

Azərbaycanın işğal edilmiş ərazilərində başladığı əks-hücum əməliyyatlarına ilk gündən İran tərəfi birmənalı mövqe sərgiləmir.

Rəsmi Tehran Ermənistanla münasibətlərini nəzərə alaraq, ilk günlərdə ikibaşlı açıqlamalar verir, əhalisinin əksəriyyəti müsəlman və şiə məzhəbindən olan Azərbaycana açıq dəstək nümayiş etdirmirdi.

Hətta Rusiyadan gələn hərbi yükün İran üzərindən Ermənistana daşınması haqda fotofaktlar yayılmışdı və etirazlara səbəb olmuşdu.

Amma müharibənin sonrakı günlərində İran rəsmilərindən ayrı-ayrı dəstək bəyanatları gəlməyə başladı. Bunun davamı olaraq oktyabrın 6-da İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

İran prezidentinin indiki şəraitdə İ.Əliyevə zəng etməsinin mahiyyətini şərh edən YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov bildirdi ki, hazırda cəbhədə ağır döyüşlər gedir və Ali Baş Komandanın rəhbərliyi altında uğurlu əməliyyatlar davam etməkdədir.

Onun sözlərinə görə, belə vəziyyətə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların reaksiyası olduqca əhəmiyyətlidir.

“Prezidentin dediyi kimi, həqiqət anıdır. Yəni kimin haqqın, kim nahaqqın yanında olduğu zamandır. Bütün bunlar bizim üçün son dərəcə aktualdır.

Amma dünya ölkələrinin Qarabağda gedən döyüşlərdə üç yanaşması var – müttəfiqlik, düşmənçilik və neytrallıq…

Özünü strateji tərəfdaş kimi aparanlar da var. Amma müharibə şəraitində sadaladığımız üç yanaşmadan biri olmalıdır.

İranın mövqeyi isə ilk günlərdə ümumi ifadələrdən ibarət idi, tərəfləri atəşkəsə, danışıqlar masasına çağırırdı, hətta vasitəçilik missiyasını təklif edirdi.

Amma 30 ildir danışıqlara sadiq olan biz deyildikmi? Nəticədə məlum oldu ki, bu illər ərzində danışıqlar prosesində nəinki bir addım irəli, iki addım geri getmişik”, – deyə E.Nəsirov vurğuladı.

Deputatın sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır” açıqlaması danışıqlar prosesinə vurulan böyük zərbə idi və daha da irəli gedərək Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyirdi.

E.Nəsirov bildirib ki, son günlər İranın mövqeyində dəyişiklik müşahidə edirik: “Bu tendensiya diqqətdən yayınmır. Ölkənin ali dini rəhbəri Xameneyinin xarici siyasət məsələləri üzrə müşaviri bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, geri qaytarılmalıdır.

Və bunu demək lazımdır ki, İran prezidenti Ruhaniyə zəng edən Paşinyan olub, Azərbaycan prezidentinə isə Ruhani özü zəng edib”.

MM üzvü qeyd etdi ki, İranda milyonlarla azərbaycanlı yaşayır, müxtəlif şəhərlərdə ölkəmizə dəstək yürüşü keçirilib və rəsmi Tehran bu faktorları da nəzərdən qaçırmır, rəsmi mövqeyində Azərbaycan istiqamətində müsbət dəyişikliklər edir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə ikili münasibət var.

Onun fikrincə, döyüşlər başlayanda qonşu ölkədən narahatedici xəbərlər gəlirdi: “İrandan Ermənistana hərbi yüklər daşındığı deyilirdi və qarşı tərəf təkzib etdi. Sonra biz məlumat ala bilmədik ki, hərbi yük daşınması davam edir, ya yox…

Ardınca Ərdəbildə və Təbrizdə etirazlar başladı. İran hökuməti bunu nəzərə aldı və prezidentin 4 vilayət nümayəndəsi birgə bəyanat yaydı, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.

Daha sonra İranın ali dini liderinin xarici siyasət məsələlər üzrə müşavirinin bəyanatı oldu, habelə, XİN sözçüsü təsdiq etdi ki, Qarabağ Azərbaycanındır.

Bunun fonunda İran prezidenti Həsən Ruhani Azərbaycan Prezidentinə zəng etsə də, eyni sözlər onun dilindən səslənməyib. Yəni rəsmi məlumatda yox idi.

Amma yaxşı faktdır ki, Prezident İlham Əliyevə zəng açıb. Faktiki olaraq, müharibə başlayandan İlham Əliyev heç kəsə zəng etmir”.

Siyasi şərhçinin sözlərinə görə, İrandan dəstək olmasa belə önəmli deyil, əsas heç bir qüvvə prosesi yekunlaşdırmağa mane olmasın:

“İran da hələ ki qarışmır. Görünür ki, xarici siyasətdə korrektə etdilər. Ən azından qəbul edirlər ki, müsəlman ölkəyik.

Təbii ki, İranın xarici siyasətində fərqli çalarlar var. Bizim üçün ən optimal olardı ki, Ermənistanla sərhədi bağlasın, amma etmədi.  Lakin maraqlıdır ki, İrandan Azərbaycan haqda səslənən açıqlamalar erməni mətbuatında yer almır. Başa düşürəm, informasiya müharibəsidir.

Amma hiss olunur ki, ermənilər İrandan narazı qalmağa başlayıb. Hətta rus mətbuatı yazır k, İran bizi dəstəkləyir və bu da ermənilərin xoşuna gəlmir”.

E.Şahinoğlu yada saldı ki, vaxtilə erməni baş nazir Nikol Paşinyan İrana səfər etmişdi: “Paşinyan İranı dost ölkə adlandırmışdı, böyük əhəmiyyət verdiklərini söyləmişdi. Amma bu gün rəsmi Tehranın verdiyi açqlamalardan görünür ki, İrəvanın İran siyasəti də fiaskoya uğradı.

Ermənilər anlamırlar ki, İran heç zaman birmənalı anti-Azərbayan siyasəti yürüdə bilməz. Orada azərbaycanlılar var, müsəlman ölkəyik, əhalinin əksəriyyəti şiədir.

İran gördü ki, azad edilən Cəbrayılda ilk dəfə azan səsi eşidildi. İndi nədən narazı qala bilər?

Ermənistan bu amilləri nəzərə almır. Onlar anlamalıdırlar ki, İran Azərbaycanla münasibətləri açıq şəkildə korlamaq istəməz”.

Qeyd edək ki, İran hökumətinin rəsmi sözçüsü Əli Rəbii Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha vurğulayıb.

Rəbii deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır: “Bu, İran hökumətinin rəsmi mövqeyidir. Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha vurğulayırıq.

Üçüncü tərəflərin münaqişəyə müdaxiləsini zərərli hesab edirik. Bölgədə qarşıdurmanın hərbi həlli yoxdur.

Həmçinin sərhəd bölgələrindəki vətəndaşlarımızın can itkisindən narahatıq. Bölgədə sülh istəyirik”.