“Həştərxan İş Mərkəzi Azərbaycanla  Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək”- VİDEObackend

Nəsimi  Məmmədov: “Azərbaycan -Rusiya iş adamlarının əlaqələrinin genişləndirilməsində bu mərkəzin böyük rolu olacaq”

Azərbaycanla Həştərxan vilayəti  arasında bir çox sahələrdə əlaqələr inkişaf etdirilir.  Buna son illər Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən sosial layihələr bariz nümunədir.

Bu illər ərzində görülən işlərdən biri də Həştərxanda Azərbaycan İş Mərkəzinin açılması olub. Mərkəzin fəaliyyətində əsas məqsəd Azərbaycanla Rusiya arasında iqtisadi-ticari, sosial, eləcə də elmi -mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişafı və Azərbaycan brendlərinin tanıdılmasıdır. Bu təşəbbüs çərçivəsində Bakıda da Həştərxan İş Mərkəzinin yaradılmasına qərar verilib. Belə ki, Nərimanov rayonu ərazisində tikilməkdə olan Həştərxan İş Mərkəzi də Azərbaycanla  Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək.

“Azərbaycanın paytaxtı Bakı şəhərində də Həştərxan İş Mərkəzinin tikilməsi üçün yer ayrılıb. Bu möhtəşəm binanın tikilməsi üçün ölkə rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib. İki ilə yaxındır ki, burada tikinti işləri gedir. İlin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır.

Yeni yaradılacaq mərkəzin fəaliyyətində xüsusən ticarət əlaqələrinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. 30-dan çox şirkət Həştərxanda Azərbaycan İş Mərkəzində açılan sərgidə öz məhsullarını nümayiş etdirib. Oxşar layihələrin bu mərkəzdə də təşkili nəzərdə tutulub.”  

Bunu  Həştərxan  İş  Mərkəzinin direktoru  Nəsimi  Məmmədov  deyib:

“İş mərkəzinin birinci mərtəbəsində sərgi salonunun , ikinci mərtəbəsində ofislərin fəaliyyəti nəzərdə tutulub.Yuxarı mərtəbələrdə isə otellər  yerləşəcək və digər xidmətlər olacaq. Rusiyada Azərbaycan brendlərinin, “Made in Azerbaijan”  markası ilə buraxılan məhsulların tanıdılması və təbliğ olunması prosesi gedir. Eyni qaydada ölkəmizdə gələcəkdə fəaliyyətə başlayacaq bu mərkəzin xətti ilə  Rusiyanın müəyyən  şirkət və brendlərinin   tanıdılması, təbliğ olunması üçün sərgilər təşkil olunacaq. Azərbaycan -Rusiya iş adamlarının əlaqələrinin genişləndirilməsində bu mərkəzin böyük rolu olacaq.”

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri mətbuat konfrasında iki ölkə arasında qardaşlıq əlaqələrinin  inkişafında Həştərxan vilayətinin rolundan danışıb. O, qeyd edib ki, Həştərxan və vilayətin azərbaycanlı əməkdaşları ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində konkret təkliflər irəli sürüləcək.