“Həyat özü bahalaşıb, ətin qiyməti də…” – Deputatbackend

Azərbaycan xaricdən (əsas da Gürcüstandan) qoyun idxalını 3 dəfə artırıb.  Bəs görəsən, niyə kəndlilər əvvəlki kimi qoyun-quzu saxlamaq istəmir? Belə davam edərsə, ətin qiyməti bir az da bahalaşa bilərmi?

“Yeni Gundem” xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov hər zaman Azərbaycana ət idxal edildiyini bildirib:

“Demək olmaz ki, bu gün kəndlilərin böyük hissəsi qoyun-quzu saxlamaqdan imtina edirlər. Ət idxalı bizdə həmişə olub, kifayət qədər xaricdən idxal etmişik. Amma son zamanlar yem qiymətlərinin baha olması ilə əlaqədar olaraq ola bilər ki, qoyun-quzu saxlayanlar azalsın.

Lakin mən deməzdim ki, azalıb, çünki mən yaylaqlarda kifayət qədər qoyun saxlayan insanlar görürəm. Əvvəllər hamı kəndlərdə həyətyanı sahələrində 5-6 qoyun, 1 inək, 1 at saxlaya bilirdi. Bu gün isə insanların çoxu bunu etmir. Bundan əlavə, əhalinin bir hissəsi kənd yerlərindənsə, şəhərə üstünlük verirlər. Yəni urbanizasiya məsələsi də buna təsir edə bilər”.

V. Əhmədov qiymətlərin artmasının səbəbinin yem qiymətlərinin artması ilə əlaqələndirib:

“Düşünürəm ki, ət idxalının artması müvəqqəti xarakter daşıyır, amma əvvəlki illərlə müqayisədə ət istehsalının azalması müşahidə olunur. Ona görə ətin qiymətində artım var.

Həmçinin heyvan yemlərinin qiyməti artıb ki, onların da böyük hissəsi xaricdən idxal olunur. Azərbaycanda kifayət qədər biçənək sahələrinin olmadığı üçün bu problem yaşana bilər.

Ətin qiymətinin bahalaşmasını idxalın artması ilə əlaqələndirmirəm. Bu, daha çox yemin qiymətinin artması ilə əlaqəlidir. Həm də həyat özü müəyyən qədər bahalaşıb, bu bahalaşma bütün sahələrdə gedir və ət qiymətlərinə də təsirsiz ötüşmür”.