Həyatımızı, sevdiklərimizi, gənclərimizi və körpələrimizi qorumaq üçün vaksinasiya prosesində iştirak etməliyikbackend

Həyatımızı, sevdiklərimizi, gənclərimizi və körpələrimizi qorumaq üçün vaksinasiya prosesində iştirak etməliyik

2020-ci ilin fevral-mart ayından etibarən dünyada yayılan Covid-19 adlı keçici virus ilə mübarizə aparırıq. Bu virus ölkəmizə gəldiyindən bəri insanlar yoluxmuş, virusa yoluxan insanların isə həyatı, sağlamlığı təhlükə altında qalmışdır.
Əvvəllər düzgün qidalanmaqla və yaşamaqla da sağlam ömür sürmək olar deyirdilər. Bu virus gələndən bütün bu deyilən sözlər, ifadələr öz həqiqətini itirdi. Biz gördük ki, sağlam olan insan da xəstəliyə yoluxa bilər. Gördük ki, xəstəlik sağlamlığa və yaşa baxmır. Əlbəttə, sağlam olan insan bu xəstəliyi yüngül keçirdi, bəzi xəstələr isə virusun heç bir simptomu ilə qarşılaşmadılar. Yoluxduğunu belə anlamayan insanlar oldu və bəlkə, hələ də var. Bu insanlar özləri xəstəliyi yüngül keçirsələr də, onlar ətraf aləmin, sənin, mənim, bizlərin həyatı üçün təhlükə daşıyır, virus daşıyıcısı olaraq bəlkə də onlarla, yüzlərlə insanı yoluxdura bilirlər.
Biz işə gedərkən, məktəbə uşaqlarımızı apararkən, təmiz havada gəzərkən belə bu virusa yoluxa bilərik. Düzgün istiqamət və doğru planlaşdırma ilə ölkə ərazisində yoluxma sayları azalsa da, bu virusun hələ bitməsi mənasına gəlmir. Həyatımızı təhlükədən qorumaq üçün biz də vaksinasiya prosesində iştirak etməliyik. Ölkəyə gətirilmiş vaksinlər dünya səviyyəsində təcrübədən keçirilmiş, dəfələrlə yoxlanılaraq bizlərin sağlamlığını qorumaq üçün istifadəyə verilmişdir.
Həyatımızı, sevdiklərimizi, gənclərimizi və körpələrimizi qorumaq üçün vaksinasiya prosesində iştirak etməliyik. Sağlam cəmiyyətə addımlamaq bizim öz əlimizdədir.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir.
Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezidentimiz cənab İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Strategiyaya uyğun olaraq rayonumuzda infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərinə aidiyyəti qurumlarla birlikdə əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Başlanan bu mühüm tədbirlə bağlı rayon mərkəzi xəstəxanasının binasında xüsusi vaksin otağı ayrılmış, səyyar briqada yaradılmış, vaksinləşmənin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır. Hazırda vaksinasiya prosesinin aparılması davam etdirilir.

Sevinc İmanova-Zərdab GEM-in direktoru

Əhalinin sağlamlığı daim diqqət mərkəzindədir.

Bütün dünya tarix boyu bir çox ağır xəstəliklər və təhlükəli viruslarla qarşılaşıb. Bu gün isə sağlamlığın əsas düşməninə çevrilmiş yeni növ koronavirusla mübarizə aparırıq. Artıq iki ilə yaxın bir müddətdir ki, dünyada tüğyan edən koronavirus pandemiyası ölkəmizə də təsir göstərməsinə baxmayaraq, Azərbaycan Respublikasında əhalinin sosial rifah halının yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində aparılan uğurlu islahatlar, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, həyata keçirilmiş qabaqlayıcı tədbirlər Covid-19-la mübarizədə öz effektiv təsirlərini göstərməkdədir. Bu bəla ilə mübarizə üsulları arasında vaksinasiya xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan MDB məkanında ən erkən vaksinasiya tətbiq edilən ölkələrdəndir. Pandemiyaya qarşı alternativsiz mübarizə üsulu olan əhalinin peyvəndlənməsi prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu işin daha sürətlə və kütləvi şəkildə davam etdirilməsi prosesi kütləvi immunitetin yaranmasına, pandemiya ilə mübarizədə müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

Sağlam və firavan gələcək öz əlimizdədir

Son vaxtlar dünyanı cənginə almış, XI əsrin bəlalarından biri hesab edilən koronavirus infeksiyası təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Bütün sahələrə öz mənfi təsirini göstərən, milyonlarla insanın ölümünə səbəb olan Covid-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, təsir gücünün azaldılması məqsədi ilə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər hazırlanmış və həyata keçirilmişdir.
Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olan dövlət başçısı tərəfindən pandemiyanın təsir gücünün azaldılmasına xidmət edən və xalqımızın daha az zərərlə bu bəladan qurtulmasını təmin edən sərəncam və qərarlar imzalanmışdır. Tibbi müəssisələrin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, karantin müddətində əhalinin rifahının yaxşılaşdırılması məqsədi ilə yardımların edilməsi dövlət başçısının daim xalqı düşündüyünün bariz nümunələridir.
İnsanların sağlamlıqlarının qorunması məqsədi ilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılmışdır. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürülmüş, hətta işə gəlməyən işçilərin əmək haqqı saxlanılmışdır.
Son aylarda ölkə əhalisinin peyvəndlənmə prosesi də yoluxmaların qarşısının alınmasına və yoluxma riskinin azaldılmasına xidmət edir. Statistik göstəricilərə əsasən demək olar ki, bütün bu tədbirlər öz müsbət təsirini göstərməkdədir.
İnanırıq ki, bütün çətinliklərdə olduğu kimi, bu çətin günlərdən də xalqımız üzüağ və qalib çıxacaqdır. Hər zaman dövlətçiliyimizin təməli olan lider-xalq birliyi bu problemin həllində də öz sözünü deyəcəkdir. Çünki, “Biz birlikdə güclüyük!”

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

Peyvəndləməyi seçmək yaşamağı seçmək deməkdir

Aylardır və hətta illərdir, Covid-19 yoluxucu virusu ilə mübarizə aparırıq. İlk əvvəllər bu problemi ələ ala bilsək də, növbəti dönəmlərdə insanlarımızın inancsızlığı və virusa inanmaması səbəbindən yoluxan insanların sayı minlərlə oldu. Biz inandıqda isə artıq gec idi. Sevdiklərimiz, ailə üzvlərimiz, biz belə bu virusun daşıyıcısı olmuşduq. Çoxunuz bilirsiz, virusdan sağalmağımız isə əziyyətli, ağrılı başa gəldi. Ölkə rəhbərliyi Covid-19 virusundan zərər çəkənlərin bütün xərclərini üzərinə götürsə də, bu virus bizlərdən çox canlar aldı. Ölkə rəhbərliyi virusa yoluxanların həm evdə həm də xəstəxanalarda müalicəsini təmin etdirir, maddi zərərçəkmişlərə müavinətlər versə də, çoxlarımız işimizi itirdik.
Qorxuram. Çox qorxuram ki, artıq virus qorxusu ilə yaşamağa məhkum olaq. Siz qorxmursunuz? Qorxmursunuz ki, sevdiklərimizin həyatları təhlükə altında qalar? Qorxmursunuz ki, virusun gətirdiyi ölüm küləyi bizim də evimizin yanından keçər? Mən qorxuram. Cəmiyyətimizi təhlükəyə atmamaq, sevdiklərimizi qorumaq üçün vaksin olunanlar sırasına mən də qatılmışam. Yoluxucu viruslarla tarix boyu çox toplumlar mübarizə aparıb, vaksinasiya prosesini təşkil edə bilmədiklərinə görə kütləvi ölüm hallarına məruz qalmışdılar.
Ancaq əlimizdə olan imkanlarla vaksinlər bizim üçün ödənişsiz şəkildə gətirilir və istifadəyə verilir. Düşünək və qərar verək. Həyatımızı seçərək, vaksin olunaq.

Vəfa Xəlilli -“Gəncliyə Dəstək” İB-nin sədri

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında peyvəndlər həmişə “qızıl açar” rolu oynayıb. Bu gün də belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavirusla (COVID-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Uzun müddətdir ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür.
COVİD-19 virusu hava-damcı yolu ilə insanları sürətlə yoluxduran qorxulu xəstəlikdir. Bu xəstəliyi keçirmiş insanlar daha yaxşı bilir ki, COVID-19 virusu insanlar üçün ölümcül də ola bilər. Vaksinasiya koronavirusu həmişəlik məğlub etmək və normal həyata qayıtmaq üçün yeganə yoldur. İnsanın yaşaması üçün, immun sistemini qorumaq üçün vaksinasiya lazımdır. Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik. Biz vaksinasiya ilə immun sistemimizi hazır vəziyyətə gətiririk. Vaksin deyərkən təhlükə törədən viruslarla orqanizimi tanış edirik. Bundan sonra orqanizm həmin virusa qarşı aktivləşir. Vaksinasiya və xüsusilə də koronavirusa qarşı vaksinasiya epidemiyaya qarşı mübarizənin yeganə etibarlı yoludur. Kollektiv immuniteti əldə etmək, pandemiyanı dayandırmaq, karantindən çıxmaq və həyatı normal yaşaya bilmək üçün aktiv şəkildə vaksinasiya olunmalıyıq. Azərbaycan dünyanın azsaylı dövlətlərindən biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən olub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunub. Hazırda ölkədə vaksin ehtiyatı kifayət həcmdə var və geniş vaksin seçimi imkanı yaradılıb. Bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə də Azərbaycan lider ölkələr sırasındadır.
Koronavirusdan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur. Odur ki, insanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir

Sağlam bir həyata sahib olmaq hər insanın ideal arzuları arasında yer alır. Ölkəmizə COVİD-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsas tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən reallaşan zəruri tədbirlər yüksək effektivliklə həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsindən sonra daha mütəşəkkil formada həyata keçirilir.
Bu strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Azərbaycan dövləti hər zaman olduğu kimi, ölkədə pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məsələsində də ilk növbədə ümummilli maraqlardan çıxış edib və yaranmış vəziyyətdə insan sağlamlığı faktoru əsas prioritet elan olunub. Dünyada pandemiya ilə bağlı gedən proseslərin müşahidəsi göstərdi ki, zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı. Hətta pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olduğu hesab edilən bir çox ölkələr çətin durumda qaldığı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdığı vaxtlarda Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu. Möhtərəm Prezidentimiz hələ 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişdir: “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”.
Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. Hazırkı dövrdə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil.

Şahnaz Mustafayeva-Tarix-diyarşünaslıq muzeyinin direktoru

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur

Ötən dövrlərdə də bir çox yoluxucu xəstəlik peyvəndləmə ilə nəzarət altına alınmışdır. Ümumi olaraq, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. İlk olaraq peyvəndin nə olduğunu bilmək vacibdir. Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir.
Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistemi ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiə sistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər.
Bu gün artıq sağlamlığımızın təminatçısı olan Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır.
Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil. Covid-19 peyvəndi immun sistemimizi virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edir. Cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda, xəstəliyin başqalarına keçməsi azaldıla bilər. Bu şəkildə çox sayda həyat xilas ola bilər. Viruslar çox fərqli coğrafiyalarda sürətlə yayıla, bütün dünya üçün ciddi bir təhlükə yarada bilər. Bu səbəblə özümüzü, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün peyvənd olunmaq lazımdır.
Bütün dünyada yayılan yoluxucu bir xəstəliklə qarşı-qarşıyayıq. Peyvəndin xəstəliyin qarşısını böyük nisbətdə aldığını bilirik, bu səbəbdən, peyvənd olunmaq vacib məsələdir.

Elnur Məmmədov-fəal gənc, Çallı kənd sakini

Peyvəndlər digər insanları da qoruyur

Artıq uzun zamandır ki, dünyanı cənginə alan koronavirusla mübarizə aparırıq. Gündəlik həyatımızı bütünlükdə dəyişdirən bu xəstəliklə yeganə mübarizə üsulu isə peyvənd olunmaqdan keçir. Həm özümüzü, həm də ətrafımızı qorumaq üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Bu virusdan milyonlarla insan dünyasını dəyişib. Bunu günlük statistikalarda müşahidə etmək mümkündür. Bu halı göz önünə gətirib virusun qurbanı olmamaq üçün mübarizə aparmaq lazımdır. Mübarizədə bizə yardım edəcək yeganə silah isə vaksindir.
Peyvəndləmə peyvənd olunmayanları da koronavirusdan qoruyur. Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun  yoluxduruculuğu çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır.
Beləliklə, razılaşaq ki, bu günlərdə qoyulmuş qayda və nizamla peyvənd olunmağımız bir ildir ki, başımızın üstündə gerçək ölüm kabusu olaraq asılıb qalmış COVID –19 pandemiyasına qarşı hər birimizin atdığı bir güllədir.

Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.
Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.
Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Cəmiyyətdə formalaşan fikirə görə COVID-19 xəstəliyinə yoluxan daha çox yaşlı təbəqə insanlara aid olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən qorunub.
Valideynlərimiz, ailəmiz, övladlarımız qarşısında vəzifələrimizi və məsuliyyətlərimizi layiqincə yerinə yetirmək üçün çalışmalıyıq ki, bütün ətrafımızı vaksinasiyaya cəlb edək. Bunu da unutmayaq ki, əvvəlki həyatımıza geri dönmək üçün, əvvəlki sərbəstliyimiz üçün vaksin vurdurmalıyıq.

Südabə İsmayılova-tibb işçisi