Heydər Əliyev: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyasıbackend

Müstəqil Azərbaycan dövlətinin həyatında bir çox ilklər, o cümlədən, tariximizdə ilk dəfə olaraq Milli Təhlükəsizlik konsepsiyasının təşəkkülü və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarix elmi bir mənalı şəkildə təsdiq edir ki, mövcud olan bir çox siyasi təsisatlar və  institutlar kimi, “milli təhlükəsizlik” anlayışı da cəmiyyətin və dövlətin mövcudluğu üçün son dərəcə vacib və önəmli hesab olunur.

Bu baxəmdan tarix elmi sübut edir ki, “milli təhlükəsizlik” anlayışı ilk dəfə 1904-cü ildə ABŞ prezidenti Teador Ruzvelt tərəfindən “Panama kanalı” ilə bağlı konqresə ünvanlanmış məktubunda işlədilmişdir. Həmin vaxtdanda da  “təhlükəsizlik” anlayışı amerikalı politoloqların və dünya siyasətçilərinin ən çox müraciət etdiyi istilahlardan(terminlərdən) biri olmaqla, “milli mənafe” nəzəriyyəsinin ən mühim tərkib hissələrindən biri kimi şərh edilmişdir. Amerikalı sosioloq U.Lipriman isə  “milli təhlükəsizlik” anlayışını, hər bir müstəqil dövlətin, beynəlxalq münasibətlərdə öz movcudluğunu qoruyub saxlamağın bütöv bir sistemi olduğunu əsaslandırmışdır.  SSRİ-də isə “milli təhlükəsizlik” problemi əsasən 1990-ci ilin əvvəllərindən dövriyəyə buraxılmış, SSRİ Ali Sovetinin Müdafiə və Milli Təhlükəsizlik Komitələrinin sənədlərində istifadə edilmişdir. Həmin vaxtdan da, siyasi elmin mühim kateqoriyalarından biri olaraq “təhlükəsizlik” problemi bilavasitə millətlə və dövlətlə əlaqələndirilmiş, sabit sosial-siyasi, iqtisadi, mədəni və digər vacib məsələləri, o cümlədən, dövlətin ən vacib atributlarından hesab olunan, onun mövcudluğu problemi ilə vəhdətdə öyrənilmişdir. Milli təhlükəsizlik, əslində siyasi baxımdan və təcrübədə dövlətin alternativi kimi qəbul edilir, milləti( dövləti) bütöv sistem kimi təcəssüm etdirir. Başqa sözlə, milli təhlükəsizlik konkret tarixi şəraitdə milli mənafelərin reallaşmasını təmin edən ictimai münasibətlər, ictimai şüur, cəmiyyət institutlarını,  onların  mükəmməl fəaliyyətini və mövcud olmaq vəziyyətini ifadə etmişdir. Bu da özlüyündə şəxsiyyəti, cəmiyyəti və dövləti, onların təhlükəsizliyini təmin edən vəziyyəti ifadə edir.

Millət üçün həlledici mərhələlərdə milli təhlükəsizlik cəmiyyətin, cəmiyyət üzvlərinin və dövlətin təhlükəsizliyini ifa edən vəziyyəti ehtiva edir. Buna görə də, demokratik cəmiyyətlərdə şəxsiyyətin azadlığı və təhlükəsizliyi önə çəkilərək son dərəcə vacib hesab edilir. Başqa sözlə,  demokratik cəmiyyətlərdə millətin, dövlətin , cəmiyyətin və hakimiyyətin təhlükəsizliyi özünə məqsəd deyil, şəxsiyyətin  və dövlətin azadlığına və təhlükəsizliyinə  təminat funksiyasını ifadə edir.  Buna görə də siyasi elm “milli təhlükəsizlik” termininə izah verərək onu şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin məcmusu kimi şərh edir. Dövlət təhlükəsizliyinə cəmiyyətdə siyasi qüvvələrin və ictimai qurupların fəaliyyətinin idarə olunması, bu məqsədlə səmərəli mexanizmlərin işlənib hazırlanması, onun mövcudluğu, cəmiyyətin təhlkükəsizliyi, ictimai institutların normaların, əhalinin bütün qruplarının hüquqlarının və azadlıqlarının təmin olunması vəziyyəti, şəxsiyyətin təhlükəsizliyi isə ictimai insitutların və təşkilatların  fəaliyyətinin reallaşdırılması vasitəsi kimi qəbul edilir. Bu mühim vəzifə dövlət həyatında son dərəcə əhəmiyyətli rol oynamaqla, mahiyyət etibarı ilə milli təhlükəsizlik cəmiyyətdə müxtəlif sahələr və struktur ünsürləri arasında siyasi, iqtisadi, ekoloji,hərbi ,ideoloji  və digər kimponentləri əhatə edir.  Təsadüfi deyil ki,  ideya müəllifi Heydər Əliyev olan “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu, milli təhlükəsizlik dedikdə- insan- onun hüquq və azadlıqları, cəmiyyət-onun maddi və mənəvi dəyərlər sistemi, dövlət-onun müstəqilliyi, suverenliyi, konstitutsiya quruluşu və ərazi bütövlüyü kimi obyektləri əhatə etdiyi vurğulanmışdır.

Bu gün müstəqil Azərbaycan Respublikasının  yaradılmasının və inkişafının əsas memarı olan Heydər Əliyev, ölkəmizdə bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət olaraq, “milli təhlükəsizlik” konsepsiyasının da yaradılmasının, bü günkü yüksək inkişafının yaradıcısı və qurucusudur. O, 1944-cü ilinin may ayından SSRİ Dövlət Təhlükəsizlik orqanlarında işə qəbul edilərək, şərəfli bir  ömür yolu keçmiş,   ömrünün sonuna qədər, bu orqanlarla bu və ya digər şəkildə sıx bağlı olmuşdur. Sovet dövründə təhlükəsizlik orqanlarında, əsasən, milli kadrlara müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan SSR-nin Nazirlər Soveti yanında  Dövlət Təhlükəsizlik Komtisənin əks-kəşfiyyat xidmətinə ilk rəhbərlik edən milli kadr  olmuşdur. Burada onun müstəsna xidmətlərini, fenomen istedadını, yüksək təşkilatçılıq qabiliyyətini xüsusi olaraq, qeyd etmək vacibdir. Onun ömür yolu birmənalı şəkildə təsdiq edir ki,Heydər Əliyevin  təkrarsız istedadı və dərin məsuliyyət hissi, ağır və məsul xidmət sahəsi hesab olunan təhlükəsizlik orqanlarında onun daimi yüksəlişinə səbəb olmuşdur.  SSRİ-də, ölkənin ictimai-siyasi həyatında son dərəcə əhəmiyyətli rol oynayan Dövlət Təhlükəsizlik Komitəsində, milli kadrlara etibar edilməsi təcrübəsinə, bəlkədə, ilk dəfə Azərbaycanda rast gəlmək olar. Beləki, Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin  sədr müavini, bundan 3 il sonra isə -1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi,  məsul vəzifəyə  irəli çəkilən ilk Azərbaycanlı olmuş və ona general-mayor ali rütbəsi verilmişdir. Burada iştirak edən mütəxəsisslərin hər biri, etiraf edərlər ki, bir qayda olaraq, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi, habelə, onun müttəfiq Respublikalarda fəaliyyət göstərən qurumları zaman-zaman  yalnız daxili təlimatlar, məxfi əmrlər əsasında  fəaliyyət göstərmişdir.  Bu da  heç gizli deyil ki, sovet dövründə  təhlükəsizlik orqanlarında, bu və ya digər qanunların pozulmasına, represiyaların ildən ilə daha da sərtləşməsinə münbit şərait yaratmışdır. Apardığımız təhlillər göstərir ki, Heydər Əliyev yeganə şəxsiyyətlərdən idi ki, o,  hələ sovet dövründə represiyaları kəskin tənqid etmiş, SSRİ Ali Sovetinin  “ 20-30-cu illər represiya qurbanlarına bəraət verilməsi haqqında”  tarixi Fərmanın qəbul edilməsinin faəl təşəbbüsçülərindən biri olmuşdur. Bu mərhələdə “Üçlük”, “Beşlik”, “Yeddilik”, “Xüsusi müşavirələr”, “Hərbi tribunallar”, başqa sözlə, siyasi idarələrin kollegiyaları tərəfindən, SSRİ üzrə, ümumilikdə  3.778.234 nəfər əsassız represiyalara məruz qalmışdır ki, onlarında 79.852 nəfəri, həmin dövrdə  cəmi 3 milyona yaxın əhalisi olan Azərbaycan SSR-nin payına düşmüşdür.  Bunlarında  5.152 nəfəri günahsız olmalarına baxmayaraq, güllələnmiş, qalanları isə Sibirə sürgün edilmişdir.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə qayıdışı, milli tariximizdə qızıl hərflərlə yazılmış məqamlarla zəngindir. Beləki onun  15 mart 1996-ci  il tarixdə “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” Fərmanı mühim tarixi əhəmiyyət kəsb etmişdir. Bu Fərmanın və Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Respublika Prokurorluğu tərəfindən 14.444 cinayət işi arxivlərdən götürülərək diqqətlə öyrənilmiş, nəticədə 25.524 nəfər şəxsə-siyasi represiya qurbanlarına bəraət verilmiş, onların təmiz adları bərpa edilmişdir.

Ulu Öndər çıxışlarında dəfələrlə keçmişi xatır­layaraq, azərbaycanlıların başına gətirilən mü­sibət­lərdə, faciələrdə, siyasi repres­siyalarda erməni qriqor­yanların, markar­yanların, to­purad­ze­lərin, Nə­ri­man Nərimanova qarşı aparılan fitnəkar­lıqlarda Mir­zoyanın, Mikoyanın, Sarkisin və baş­qa­la­rının fəal təşkilatçılıq əməllərinin   ürək ağrısı ilə qeyd edirdi… O, göstərirdi ki,  repressiyaların tüğyan et­diyi illərdə Azərbaycanın 52 rayonundan 31-nin təhlükəsizlik orqanlarının  (NKVD-nin) sədrləri erməni millətindən olan şəxslər idi. Bu funksiyaları Astarada Arake­lovun, Astarxan­bazarda(hazırki Cəlilabad), Ça­mar­di­yanın, Zəngilanda Zərgər­ya­nın, Samuxda Petrosyanın, Ma­sallıda Avanesovun, Lənkə­ran­da Mov­ses­yanın, Naxçıvanda Akopyanın, Ağacan­yanın, Ako­po­vun, Sey­da­no­vun, Zəkiya­nın, Parseqovun, İones­yanın, Şxan­yanın və başqalarının  bilavasitə rəbərliyi ilə icra edilirdi. Ulu Öndər bu faktları sadalamaqla keçmiş Dağlıq Qarabağın erməni faşistləri tərəfindən işğal altından azad olunmasını vacib sayır və  bunu ölkənin  milli təhlükəsizliyinin təmin olunmasının ən vacib atributlarından biri hesab edirdi. Ulu Öndərin layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti, cənab İlham Əliyev onun vəsiyyətini şərəf borcu kimi qəbul edərək, bütün ölkə əhalisini bir yumruq kimi ilk dəfə olaraq, birləşdirmiş və 44 gün müddətində, Vətən torpaqlarını yağı düşməndən qəhrəmanlıqla azad etməyə nail ola bilmişdi.  Tariximizin qızıl hərflərlə yazılmış, bu şanlı  səhifəsi Şuşada, dünya azaqrbaycanlılarının beşinci qurultayı ilə özünün ən təntənəli və ən yadda qalan tarixi tədbirin keçirilməsi ilə  yaddaşlara əbədi həkk olunmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu günlər daha çox xatırlanır. Müstəqilliyimizin bərpası 18 oktyabr 1991-ci ildə  baş tutsa da, onun əsası Naxçıvanda məhz Heydər Əliyevin Ali Məclisə sədr seçilməsi ilə başlanmış və Bakıda başa çatdırılmışdır. Naxçıvanda keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, o cümlədən, Sərhəd Xidmətinin təxribatçı, pozucu fəaliyyətinin qarşısını qətiyyətlə  almaq üçün  o  , Naxçıvan Ali Məclisinin sədri olaraq,  Muxtar Respublikada ilk dəfə olaraq Təhlükəsizlik Xidmətini ləğv etmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra-1991-ci ildən başlayaraq, milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin hədləri və onun real olaraq həyata keçirilməsi gündəlikdə duran ən vacib məsələlərdən birinə çevrildi. Ulu Öndərin Bakıya qayıdışı,  bu vacib problemin uğurlu həllini təmin etmiş oldu. Heydər Əliyev ölkəmizdə milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin, vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin müəyyən edilməsini, bu sahədə qanunvericilik aktlarının hazırlanmasını və qəbul edilməsini, təşkilatı strukturların təşəkkülü və inkişafı üçün vacib olan əsas məsələləri öz nəzarəti altında həll etdi.

Bu barədə təhlükəsizlik orqanlarının yubileylərində, iclaslarında, toplantılarında Heydər Əliyevin proqram əhəmiyyətli ideyalarının və onun əsas istiqamətlərinin icrasının reallaşdırılması onun vaxtsız vəfatı üzündən tam mümkün olmasa da , lakin, onun layiqli siyasi varisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Respublika Prezidenti , cənab İlham Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə uğurla həyata keçirildi.  Beləki, 27 mart 2004-cü il tarixli Fərmanla  “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında” Əsasnamə, 29 iyun 2004 tarixli qanunla  “Milli Təhlükəsizlik haqqında”, habelə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi. 23 may 2007-ci il tarixdə isə 2198№-li Sərəncamla “Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Konsepsiyası” hazırlanıb, təsdiq olundu.   Bundan başqa,  8 iyun 2010-cu ildə “Azərbaycan Respublikasının Hərbi doktrinası” təsdiq edildi.  Dünya təcrübəsi  diqqətlə nəzərə alınaraq, sonralar  Milli Təhlükəszilik və Xarici Kəşfiyyat Xidmətlərinin fəaliyyəti, strukturu, maddi texniki imkanları, kadr potensialı köklü surətdə təkmilləşdirildi.

Bu günlərdə dünya azərbaycanlılarının beşinci- Şuşa qurultayında, eləcə də, ADA universitetində keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Proqram əhəmiyyətli məruzələrində milli dövlət quruculuğunun, o cümlədən, milli təhlükəsizlik probleminin uğurlu həllinin əsas konturlarını müəyyən etmişdir. Bu baxımdan ölkənin yeni “Milli Təhlükəsizlik Konsepsiya”sının layihəsinin hazırlanması və təsdiq edilməsi artıq tarixi zərurətə çevrilmişdir. Bu sahədə mütəxəssis- tədqiqatçı kimi, bu gün  qeyd etməyi xüsusi ilə vacib bilirəmki, akademik Urxan Ələkbərovun bilavasitə rəhbərliyi ilə alimlərimiz bu konsepsiyanın layihəsinin hazırlanmasına öz töhvələrini verməkdə fəallıq göstərməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Cəlil Xəlilov