Heydər Əliyev dühasıbackend

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu baxımdan, demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir. Dünya siyasətçiləri içərisində özünə məxsus yeri olan Heydər Əliyev bu günümüzə gəlmək üçün Vətənimizə əlindən gələn köməkliyi əsirgəməmiş, bir Vətən üçün lazım olan bütün amillərin təminini çalışmışdır. Bütün zamanlarda öz müstəqilliyini, azadlığını bərpa etmək üçün çalışan bir məmləkətə ən etibarlı yoldaş oldu Heydər Əliyev.

Bu böyük şəxsiyyətin qarşında böyük bir məksəd var: Tam müstəqillik və bunu qorumaq. Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi xalqın böyük nailiyyəti idi. Hakimiyyət çəkişmələri və siyasi hərc-mərcliyin baş alıb getdiyi Bakıdan fərqli olaraq Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan istiqlal mübarizəsi və yeni həyat quruculuğunun önündə gedirdi. Məhz ilk dəfə Naxçıvanda SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul edilmiş, SSRİ-nin saxlanılması haqqında referenduma etiraz edilmişdi.

3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda mövcud ictimai-siyasi böhranı aradan qaldırmaq istiqamətində yorulmaz fəaliyyətə başladı. Muxtar respublikanın siyasi və hüquqi əsaslarının gücləndirilməsi, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümummilli liderimizin rəhbərliyi ilə bir sıra layihələr hazırlanıb həyata keçirildi. Heydər Əliyev dühası və dövlətçilik təcrübəsi sayəsində heç kəsin görə bilməyəcəyi işlər muxtar respublikada qısa müddətdə həyata keçirildi. Əvvəlcə hadisələrin sürətlə fəlakətə doğru inkişafının qarşısı alındı. Muxtar respublikanın ağır hərbi blokada şəraitindən çıxarılması istiqamətində gərəkli addımlar atıldı. Muxtar respublikanın sərhədlərinin müdafiəsi istiqamətində mühüm işlər görüldü. Milli ordu hissələrinin, ilk milli sərhəd dəstəsinin yaradılması Naxçıvanda başladı. Sovet qoşun hissələrinin və sərhəd dəstələrinin hərbi qulluqçuları Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvandan çıxarıldı. Sovet ordusunun bu ərazidəki silah və sursatı alınıb Milli Ordu hissələrinə verildi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alındı. İqtisadi islahatlara başlanıldı, sahibkarlığın inkişafına şərait yaradıldı. Heydər Əliyevin Naxçıvanı düşdüyü ağır blokada şəraitindən xilas etmək, zəruri ərzaq və yanacaq tələbatını ödəmək məqsədi ilə apardığı uğurlu xarici və daxili siyasət öz bəhrəsini verdi

Naxçıvan Muxtar respublikası həm siyasi,inzibati həm də mədəniyyət sahəsinde önəmli inkişaflara səbəb oldu.

Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzə­rində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Cul­fa və Şah­taxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır.

Ulu öndərin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. 1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi.

Məhs görülən işlərin nəticəsidir ki, müasir dövrdə Naxçıvan öz inkişafı və gözəlliyi ilə göz oxşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, irəli sürülən təşəbbüslər, həyata keçirilən islahatlar sayəsində respublikamız çox böyük uğurlar əldə etmiş, lider dövlətə çevrilmişdir. Ölkəmizin ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikası da tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmamışdır.

Nahidə Qarayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti