Heydər Əliyev ideyaları uğur və zəfərlərimizin təminatçısıdır – ŞƏRHbackend

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

1969-cu ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratdı. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək tədbirlərin icrasına, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olundu.

Həmin dövrdə sənaye sektorunu əhatə edən çoxsaylı proqramların icrası sayəsində SSRİ-nin geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə görülmüş tədbirlər nəticəsində 1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artdı və bu artım qeyri-neft sahələrinin hesabına əldə edildi. Artıq 1980-ci illərin əvvəllərində sənayenin strukturunda neft-kimya, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma, elektronika, mebel istehsalı, yüngül və yeyinti sənaye sahələrinin payı 75%-ə yüksəldi, qeyri-neft sahələrinin sənayedə xüsusi çəkisi 85%-ə çatdı. 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100%-i, dərinlik nasoslarının 100%-i, digər neft-mədən avadanlığının 70%-i, şərab məhsullarının 1/3 hissəsi, elektrik-qaynaq avadanlığının 10%-dən çoxu, soyuducuların 6%-i Azərbaycanda istehsal edilmişdi.

Bu dövrdə Cənubi Qafqazın ən iri poladtökmə zavodu, Bakı məişət kondisionerləri, Gəncədə elektronika məhsulları istehsal edən “Billur”, Sumqayıt məişət kompressorları, inteqral mikrosxemlərin istehsalı üzrə ixtisaslaşan “Ozon” zavodları, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi, Mingəçevirdə Cənubi Qafqazda ümumi gücünə görə ən böyük elektrik stansiyası olan Azərbaycan İES və Bakı Dərin Özüllər Zavodu fəaliyyətə başladı.

Respublikanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. Ötən əsrin 70-ci illərində Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.

Göründüyü kimi, əslində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin illərdə 10 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.

Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi.
Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı. Tarixi Zəfərimizi təmin edən qüdrətli Azərbaycan Ordusu da məhz Onun uzaqgörən Sərkərdəlik məharətinə əsaslnır.

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Həmin dövrdə ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəlirləri azalmışdı.

Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin və müstəqil Azərbaycan dövlətinin inkişafının təməllərini qoymuşdur.

Həmin dövrdə ağır iqtisadi böhran şəraitində olan respublikamızın xilaskarı məzh Heydər Əliyev oldu.
Həmin günləri xatırladaq, inflyasiya 1700 faiziə çatmış, dövlət büdcəsinin gəlirləri tükənmişdi, valyuta ehtiyatları yox dərəcəsində idi, iqtisadiyyatı inkişaf etdirəcək xüsusi konsepsiya, dövlət proqramı yox idi. Qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviqetdi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, torpaqların kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verdi, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yarandı, məzmunca fərqli münasibətlər formalaşdı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər sayəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Ümummilli Liderin strategiyası – Azərbaycanın inkişafına və modernləşməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycanın 20 illik inkişaf tarixi və quruculuq salnaməsi Ümummilli lider Heydər Əliyevin Siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ötən 20 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparılmış, xüsusilə də iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atılmışdır. Bu dövr ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilsi-Qars kimi nəhəng layihələri gerçəkləşmiş, ölkəmiz TANAP və TAP kəmərlərinin reallığa çevrilməsinə nail olmuş, bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz mövqeyini möhkəmləndirmişdir.
Enerji marçrutları ilə bərabər, tranzit potensialının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, BakıTbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də regionda dayanıqlı sülh və əməkdaşlıq üçün ən etibarlı vasitələrdən birinə çevrilməkdədir.

Həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. 2020-ci ildə isə həmin hesabat sənədində respublikamız 191 ölkə arasında 28-ci yerdə qərarlaşmış, dünyanın ən islahatçı 10 ölkəsindən biri olmuşdur.
Dünya İqtisadi Formunun və digər nüfuzlu təşkilatların hesabatlarında mövqeyini yaxınlaşdırmışdır.

Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə son 200 illik tarixinin ən şərəfli səhifəsi olan Zəfər qazandı və bununla da ərazi bütövlüyünü tam təmin etdi. Qələbədən sonra siyasi nüfuzu artan ölkəmizin dünya miqyasında etibar və hörməti daha da artıbdır. Regionun mərkəzi tranzit və logistika mərkəzinə çevrilmiş Azərbaycanın yaratdığı yeni kommunikasiyalar, o cümlədən də Zəngəzur dəhlizinin çəklişi istiqamətində ardıcıl səylər davam etdirilir. Cənab Prezidentin diplomatik Zəfəri bir daha ölkəmizin dərin etimadının möhkəmlənməsini təsdiqləyir.

Tarixi Zəfərdən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb, işğaldan azad edilmiş ərazilərimizdə cəmi 2 il ərzində misli görünməmiş quruculuq başlayıb. Son 20 ilə yaxın dövr ərzində ölkəmizin iqtisadi imkanları daha da artmış, Ümumi Daxili Məhsul (ÜDM) 20 dəfəyə yaxın artaraq 7,1 milyard manatdan 134 milyard manata qədər yüksəlibdir. 2004-2022-ci illərdə dövlət büdcəsinin xərcləri 18 dəfə artmış, 2023-cü ildə müstəqillik tariximizin ən böyük dövlət büdcəsi – 33,4 milyard manata yaxın xərcləri olan büdcə sənədi qəbul olunmuşdur. Büdcə xərclərinin 46,4 faizi , yəni 14 milyard manata yaxını sosialyönümlü xərclərdir. Bu o deməkdir ki, büdcənin az qala yarısı birbaşa vətəndaşların layiqli sosial həyatının və təminatının yaxşılaşmasına yönləndirilir.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin strateji valyuta ehtiyatları 2003-cü ildəki 1,3 mlrd. ABŞ dollarından 2022-ci ildə 57 mlrd dollara çatmaqla 42 dəfəyə yaxın artıb. İqtisadiyyata yönəldilmiş investisiyaların ümumi həcmi 3,4 dəfə artraraq 270 milyard ABŞ dollarını ötüb. Son 20 ildə orta aylıq nominal əməkhaqqı 12 dəfə artaraq 856 manata çatıb. Pensiyaların orta aylıq məbləği 2003-2022-ci illərdə 20 dəfə artaraq 17,7 manatdan 430 manata bərabər olubdur. Minimum əməkhaqqı 345 manata çatdırlıb.

Son 20 ildə Regionların inkişafına dair qəbul edilmiş 4 proqram çərçivəsində 2,6 milyona yaxın yeni iş yerləri yaradılıb. Beləliklə, bu gün əldə edilmiş bu yüksək sosial-iqtisadi nailiyyətlərin hər biri Ulu Öndərimizin əsasını qoyduğu möhkəm sütun üzərində inkişaf edir. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilib. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu günü-gündən artır.

Aydın Hüseynov,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü