“Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonuna start verilib VİDEObackend

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyəti də böyük minnətdarlıqla qarşılayıb. Bu Sərəncam öz xalqını zamanın mürəkkəb tarixi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu əsl müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, dünyaşöhrətli görkəmli siyasi və dövlət xadimi, müasir Ordumuzun qurucusu Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramın təcəssümü olmaqla yanaşı, həm də Ümummilli Liderin yüzillik yubileyinə ən layiqli töhfədir. Prezident İlham Əliyevin Sərəncamında qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyəm müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 2022-ci ili də yüksək Qələbə əhval-ruhiyyəsi ilə yola salan qalib Azərbaycan Ordusunun şəxsi heyəti Heydər Əliyevin ideyalarından daha da ruhlanaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü “Heydər Əliyev İli”ni uğur və nailiyyətlərlə qarşılayır.

”Yeni Gundem” xəbər verir ki, bu fikirlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən “Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonu çərçivəsində keçirilən ilk tədbirdə səsləndirilib.
Əbədiyaşar və unudulmaz dahi Liderimizə əsgəri ehtiram və sevginin nümayişinə çevrilən tədbirdə qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açaraq iştirakçıları salamlayıb və “Azərbaycan Ordusunun şəxsi heyətinin Heydər Əliyev ideyaları əsasında mənəvi-psixoloji təminatının aktual istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Şuşaya sancılan Zəfər bayrağı “Qələbə marşı”nın sədaları altında və fəxri qarovulun müşayiəti ilə salona gətirilib.
Ulu Öndər Heydər Əliyevin xalqa həsr olunan mənalı ömür yolunun müxtəlif anlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı Hərbi Dəniz Qüvvələrinin zabiti Rüstəm Əliyev vətənpərvərlik marafonunun proqramı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən vətənpərvərlik marafonu bütün qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrini əhatə edəcək. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı ünvanlar, abidələr, mərkəz və muzeylər ziyarət olunacaq. Ulu Öndərin silahdaşları, elm, ədəbiyyat və incəsənət xadimləri, Milli qəhrəmanlar, Vətən Müharibəsi qəhrəmanları ilə görüşlər keçiriləcək, kitab və təsviri sənət əsərlərinin təqdimatı və sərgiləri nümayiş etdiriləcək.
Marafonun ilk həftəsində Gəncə Qarnizonunda, Laçında, Füzulidə, Xocavənddə, Hadrut qəsəbəsində, Şuşada, Daşkəsəndə, Kəlbəcərdə qalib Azərbaycan əsgərləri ilə görüşlər planlaşdırılıb.
Bildirilib ki, “Əsgərə Xatirə Kitabı” qeyri-hökumət təşkilatı tərəfindən hərbi hissələrə 5000 nüsxədən çox kitab, 100-dən çox şəhid ailəsinə marafona ilk olaraq qoşulan iş adamı Əliş Hüseynovun şəxsi vəsaiti ilə Yeni il hədiyyələri təqdim ediləcək. Əməkdar jurnalist Rəşid Faxralının yeni kitablarının imza günü şəxsi heyətin həyatında unudulmaz hadisəyə çevriləcək. Eləcə də marafon çərçivəsində gənc rəssam Fuad Musayevin əsərlərindən ibarət sərgi açılacaq. Ulu Öndər Heydər Əliyev haqqında yazılan və dahi rəhbərimizin sevdiyi mahnılar ifa olunacaq, şeirlər oxunacaq, videoçarxlar nümayiş etdiriləcək.
Bütün tədbirlər Vətən müharibəsinin sonunda Şuşaya sancılan Zəfər bayrağının təntənəli şəkildə gətirilməsi ilə başlayacaq. Zəfər bayrağını fəxri qarovul müşayiət edəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən danışaraq, “Nə qədər Azərbaycan var, qədirbilən xalqımız var, qüdrətli və qalib Ordumuz var, Heydər Əliyev əbədi yaşayacaq!” deyib və vətənpərvərlik marafonunun iştirakçılarına uğurlar arzulayıb.
Vətən müharibəsi şəhidi Cavid Manafovun anası Natəvan xanım, “Əsgərə Xatirə Kitabı” qeyri-hökumət təşkilatının rəhbəri Nuranə xanım, Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının çıxışları maraqla qarşılanıb.
Sonra gənc rəssam Fuad Musayev və anası Aynur xanım səhnəyə dəvət ediliblər. Aynur xanım bildirib ki, Prezident təqaüdçüsü, Rəssamlıq Akademiyasının fəxri tələbəsi olan oğlu uşaqlıqdan bu sənətlə məşğuldur. Yaradıcılığında Heydər Əliyev, Azərbaycan əsgərinin tarixi qələbəsi və Şuşa mövzusu əsas yer tutur. Fuad 10 yaşında üzünü görmədiyi Şuşa şəhərini əks etdirdiyi əsərini Müdafiə Nazirliyinə hədiyyə edib.
Əməkdar artist Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin, Müdafiə Nazirliyinin hərbi orkestrinin solisti Aynur İsgəndərlinin ifa etdikləri Heydər Əliyev haqqında və Ulu Öndərin sevdiyi mahnılar, şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qonaqlara A.Qurbaninin “Böyük gələcəyə baxış” kitabı hədiyyə edilib.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov qonaqlara marafona qoşulduqlarına görə minnətdarlıq edib və “Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonuna uğurlar arzulayıb.
Marafon iştirakçıları Zəfər bayrağı altında Gəncə Qarnizonuna yola salınıblar.