“Hökumət vergi dərəcələrini gələn il artırmağı düşünürsə, çox böyük səhv edir”backend

“Hökumət 2022-ci ilin ilkin büdcə parametrlərini açıqlayıb. Sənəddə maraqlı, ciddi suallar doğuran məqamlar var. İlkin olaraq 2022-ci il büdcə daxilolmaları ilə bağlı bir məqam diqqətimi çəkdi: 2021-ci il büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolmalar nəzərdə tutulub, çox güman, ili təqribən 7,5 mln. manat yığımla başa vuracağıq. Deməli, hökumət gələn il 2 mlrd. manata yaxın daha çox vergi toplamağı planlaşdırır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, “Bu artım nəyin, hansı sahələrin, harada vergi artımının hesabına olacaq” sualına cavab yoxdur: “Hökumət vergi dərəcələrini gələn il artırmağı düşünürsə, çox böyük səhv edir. Onsuz da biznes pandemiyadan zülm çəkib, onlara əlavə vergi yükü gətirmək, yumşaq desəm, insafsızlıqdır. Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil, tək “ağarma” ilə 2 mlrd. əlavə vergi toplamaq mümkün deyil. Yox əgər hökumət, nəhayət ki, ƏDV-ni Gömrük Komitəsindən alıb Vergi Xidmətinə vermək istəyirsə, bu doğru qərar olar, məhz bu zaman belə kəskin vergi artımı proqnozu məntiqli və yerində ola bilər. Amma burada da problem görürəm: 2020-ci ildə Gömrük Komitəsi 2 mlrd. 741 mln. 485 min manata ƏDV yığıb (bu nonsesndir, adı vergidir, amma Gömrük Komitəsi yığır, sonra da iş adamları əvəzləşdirməkdə zülm çəkirlər), deməli, əgər ƏDV Gömrük Komitəsindən alınıb Vergi Xidmətinə (İqtisadiyyat Nazirliyinə) verilməsi nəzərdə tutulursa, o zaman vergi daxilolmalarının 1,88 mlrd. manat yox, 3 mlrd. manata yaxın artımı nəzərdə tutulmalı idi”.

N.Cəfərli hesab edir ki, Azərbaycan Hökuməti gələn il həm əhali, həm də biznes üçün vergi yükünü kəskin artırmağı düşünür: “Bunun başqa izahı yoxdur. Bütün dünya pandemiyaya görə iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul edir, bizim hökumət isə əhalini və biznesi daha çox “soymağı” düşünür. Hökumət çıxsın normal açıqlama versin ki, vergi daxilolmalarının 2 mlrd. manata yaxın artırmağı hansı mənbələr hesabına nəzərdə tutur?!”