Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: informasiya cəbhəsində” adlı kitabının təqdimat mərasimi keçirilib – FOTOLARbackend

İstanbulda Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Azerbaycan Türkiye İş Adamları Birliyinin sədri Camal Yangın, professor Asif Hacıyev, “Yeditepe” Universitetinin dosenti Teymur Rzayev, diaspor və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən, Türkiyənin ölkəmizə qardaş dəstəyindən danışıb, həqiqətlərin dünyaya çatdrılmasında Hulusi Kılıçın gərgin əməyindən bəhs ediblər.

Çıxışında Vətən müharibəsi zamanı mətbuata verdiyi açıqlamaların toplandığı kitabı tərtib edən jurnalist Günel Yaza təşəkkür edən Hulusi Kılıç bir daha kitab satışından əldə ediləcək gəlirin YAŞAT Fonduna ianə ediləcəyini diqqətə çatdırıb.

Yenicag.az-a açıqlama verən kitabın ideya müəllifi Günel Yaz Vətən savaşında informasiya cəbhəsində mübarizə apardıqlarını və bu gərgin əməyin nəticəsinin “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabı olduğunu vurğulayıb:

“İstanbulda çox gözəl, unudulmaz bir gün yaşayırıq. Bu gün iki qardaş ölkənin yenə həmrəy olduğu bir gündür. Kitabın satışından əldə edilən gəlirin YAŞAT Fonduna ianə edilməsi də bu işi yüksək səviyyədə təşkil etməyimizə gətirib çıxardı. Biz bir daha deyirik ki, yaşasın Azərbaycan-Türkiyə birliyi”.