İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatıbackend

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda videoçarxların hazırlanması” xidmətlərinin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunun 25.1-1-ci maddəsinə əsasən 16.06.2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında (e-tender.gov.az) elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan yerləşdirilmişdir.

Qeyd olunan xidmətlərin satın alınması məqsədilə Agentlik tərəfindən hazırlanmış açıq tenderin əsas şərtlər toplusunda zəruri minimal göstəricilər qeyd edilmiş və uyğun olan təkliflərin arasından ən sərfəlisinin seçilməsi üçün xal/bal meyarından istifadə edilmişdir.  Belə ki, meyarlar üzrə ümumi qiymətləndirmə 100 ballıq sistemə əsasən aparılmış və qiymət amilinə 80 bal verilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırırıq ki, elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunda 3 iddiaçı şirkət tərəfindən qiymət təklifləri təqdim edilmişdir. Qiymət təklifləri üzrə qiymətləndirmə meyarları nəzərə alınmaqla “Medical Media” MMC-nin qiymət təklifi ən aşağı və sərfəli qiymət təklifi kimi dəyərləndirilmiş və adıçəkilən şirkət qalib seçilmişdir. Qeyd edək ki, malgöndərənlərin (podratçıların) təqdim etdikləri qiymət təklifləri elektron satınalma vasitəsilə avtomatik qiymətləndirilir.

Elektron satınalma nəticəsində Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur.

Agentlik tərəfindən icbari tibbi sığortanın təbliği, əhalinin Xidmətlər Zərfi barədə məlumatlandırılması məqsədilə videoçarxların hazırlanması ilə bağlı xidmətin satın alınmasına ehtiyac yaranmışdır.