İcra başçılarının yazıçılara olan hörmətsizliyi təsadüfüdürmü-Kürdəmir rayonun icra başçısı xalq yazıçısıyla görüşdən niyə imtina edibbackend
İcra başçısı nə onların görüşünə gəlib, nə də cəhdlərinə rəğmən qəbul edib. Hətta müavini ilə də görüşmələrinə mane olub, hörmətsizlik edib.
Çingiz müəllimin bu müsahibəsi mənim də başıma gələn oxşar hadisəni yadıma saldı.

1990 – cı ildə Qazaxın Bağanıs Ayrım kəndində ermənilərin törətdiyi soyqırım haqqında uzun illər araşdırma aparıb yazdığım sənədli “Kamikadze 1” romanının təqdimatını Qazaxda keçirmək üçün Qazax rayon icra başçısına rəsmi müraciət etmişdim. Mənə zəng vurub icra hakimiyyətinə görüşə çağırdılar, Bakıdan durub getdim, gecə yarıya qədər gözlətdilər, nə başçı, nə müavinləri, nə də hansısa səlahiyyətli şəxs məni qəbul etmədi.Gecə yarı kor-peşman geri, Bakıya qayıtdım. Heç sonra ərizəmə cavab da vermədilər, rayonda təqdimatın keçirilməsinə imkan verilmədiyindən üzvü olduğum AYB – də keçirdik təqdimatı.Bu məsələ məni çox sarsıtmışdı. Çünki başıma gələnləri qayıdıb gələndə qələmə alıb işıqlandırdığıma görə də bir ayrı təziqə məruz qalmışdım.Ancaq indi Xalq Yazıçımızın başına gətirilən anoloji olayı oxudum, həm təssüfləndim, həm də müəyyən mənada bir az təskinlik tapdım ki, belə bir böyük şəxsiyyətə qarşı bu hörmətsizlik edilibsə, hələ məni yaxşı ki, döyməyiblər…

Ölkə başçısının məmurların davranış qaydaları haqqında, xalqa xidmət etmələri haqda verdiyi tapşırıqlara bu cür icra başçıları nə dərəcədə riayət edir, onu deyəmmərəm, ancaq mən heç, belə bir dünya miqyasında tanınmış yazıçıya qarşı hörmətsizlik “Moşu Göyəzənli” demişkən, onun milyonlarla oxucusuna hörmətsizlikdir.
Mədəniyyətimizə, ədəbiyyatımıza, ziyalımıza hörmətsizlikdir.

İcra başçısı rəhbərlik etdiyi rayonda hansı müsbət işi görürsə bunu öz şəxsi büdcəsindən etmir, dövlətin və ölkə başçısının ayırdığı vəsait, qayğı-diqqət sayəsində edir. Lakin təəssüf ki, bəziləri gördükləri işi əhaliyə minnət qoyurmuşcasına elə tərzdə edirlər ki, sanki öz ciblərindən edirlər…

Xüsusən də əgər yazıçı oxucuları ilə görüşə gedirsə, kitab təqdimatına gedirsə ona ancaq diqqət – qayğı, yalnız mənəvi dəstək lazımdır.

Yazdığım əsərə sərf etdiyim illəri, ondan-bundan qəpik-qəpik toplayıb çap etdirdiyim kitabın üzərində çəkdiyim əziyyəti əgər bir icra başçısı qiymətləndirə bilmirsə, bu ancaq təəssüf hissi yaradır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüyəm, indiyəcən 8 kitabım nəşr edilib. Son əsərlərim xalqımızın başına gətirilən erməni vandallığından, şəhidlərimizdən, gənclərimizin milli ruhda vətənpərvər yetişməsinə təşviqdən bəhs edir.

Bağanıs Ayrım soyqırımının çevrəsində Qərbi Azərbaycan, Xocalı, Qarabağ, 20 yanvar, Sumqayıt hadisələri və digər erməni xəyanətinin ifşasını sənədlər, faktlar, mənbələr, şahidlər əsasında geniş ictimaiyyət üçün yazaraq romanlaşdırmadım ki, icra başçısı xalq üçün edilmiş bu zəhmətimi yerə vursun.

Qazax rayonundan olan oxucularım bu hadisədən xəbər tutub çox təəssüflənərək sonra məni özləri rayona dəvət edirlər, icra başçısının bu addımına görə üzrxahlıq edirlər və kitabı həsrətlə oxumaq istədiklərini vurğulayırlar.

Ümumiyyətlə bu kimi hadisələr yazarlara və ölkə ziyalılarına qarşı hörmətsizlik olmaqla yanaşı, həm də ədəbiyyatımıza qarşı yönəlmiş bir həvəsdən salma kompaniyasıdır. Bu təsadüf deyil. Çünki məndən əvvəl də araşdırmaçı- yazar Sərxan Carçının Qazaxın Çaylı kəndindən olan repressiya qurbanları haqda yazdığı kitabın təqdimatına da eynən icazə verilməmişdi…

Əgər bir yazıçı xalqın dərdindən, şəhidindən, tarixindən, başına gətirilən soyqırımdan yazırsa, hansısa məmur ona şərait, imkan yararmaq əvəzinə, əksinə ona qarşı maneçilik edirsə, bu düşmənlə mənəvi müttəfiqlik deməkdir. Bunu istər-istəməz ictimai rəy deyir.

Tural İrfan