İCRA BAŞÇISI İLƏ MÜAVİNİ 3,7 MİLYON MANATI HARA XƏRCLƏYİBLƏR?backend
İCRA BAŞÇISI İLƏ MÜAVİNİ 3,7 MİLYON MANATI HARA XƏRCLƏYİBLƏR? – “PASEYDON”, TENNİS KORTU VƏ BACIOĞLU “ƏMƏLİYYATI”
 
Sumqayıtda Dənizkənarı Bulvarın tikintisi ilə bağlı yaranmış qalmaqallı vəziyyətə yavaş-yavaş aydınlıq gəlir. Tikintisinə 12 milyon manat xərc çəkilmiş Bulvara büdcədən konkret olaraq nə qədər vəsait ayrıldığı isə müəmma olaraq qalır. Şəhərin icra başçısı Zakir Fərəcovun məsələni sirr kimi saxlaması isə səbəbsiz deyil. Bunu sahibkarlarla 3 ildir davam edən borc qalmaqalı da təsdiqləyir. Çünki 3 ildən çoxdur gördükləri işin müqabilində milyonlarla manat pullarını ala bilməyən iş adamları dövlət qurumlarından dəstək istəyirlər.
JAMAZ.İNFO xəbər verir ki, iş adamları Zakir Fərəcovdan pullarını ala bilmələri üçün indiyə qədər üz tutmadıqları qapı qalmayıb. Lakin hələ də problemləri həll olunmayıb. Amma sahibkarlar ümidlərini itirməyiblər. Onlar hesab edirlər ki, tezliklə Zakir Fərəcovdan pullarını qanuni yollarla ala biləcəklər.
Bu əsnada iş adamları Zakir Fərəcovun Bulvarın tikintisində baş verən maxinasiyalarla bağlı maraqlı məlumat əldə ediblər. JAMAZ.İNFO-ya təqdim olunan sənəddə qeyd olunur ki, hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə sair tenderin “qalibi” olmuş “Kontraksion Texnoloji” MMC-yə köçürülüb. Halbuki sözügedən işləri “A.V. Construction” şirkəti reallaşdırıb. Bundan başqa onlarla sahibkar da prosesin iştirakçısı olub. “Bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır. Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik”.
İş adamları bildirir ki, “Kontraksion Texnoloji” MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır. Yəni, hüquqi ünvanları qeyd olunandır. Onlar deyirlər ki, işin ən maraqlı tərəfi şirkətin rəhbərliyinin kimliyidir. “Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adlar ilk baxışdan heç nəyi ifadə etmir. Lakin bu adamların Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanları olması məsələnin mahiyyətini ortaya qoyur. Bizə məlum olan 3,7 milyon manatdır. Bəlkə də, Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib”.
Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib. “Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi “otkat”la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır”.
İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb. “Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib”.
Pulun digər qismini isə Zakir Fərəcov elə həmin bulvarda restoran inşa etdirib. “PASEYDON” adlı həmin restoran isə icra başçısının oğlunun adına sənədləşdirilib. “Zakir Fərəcov “PASEYDON” restoranını bulvarın tikintisinə ayrılmış pulla inşa etdirib. Elə həmin restoranı kənar şəxsin deyil, oğlunun adına edib. Restoranın sahibi Pərviz Fərəcovun bizneslə məşğul olması isə qanunla qadağandır. Belə ki, o, hal hazırda Nizami rayon prokurorunun müavini işləyir. Qanunda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər bizneslə məşğul ola bilməzlər və qanun bunu qadağan edir. Təbii ki, Zakir Fərəcov üçün qanun deyilən bir şey yoxdur. Onun üçün qanun günahsız insanları hədələmək, tutdurmaq üçündür. Qanun onun üçün tualet kağızı qədər əhəmiyyətli və dəyərli deyil. Əgər Zakir Fərəcov qanun bilsəydi, qanuna tabe olsaydı nə bizim pulumuzu verməkdən imtina edərdi, nə ayrılmış 3,7 milyon manatı mənimsəməzdi, nə də saysız-hesabsız qanunsuzluqlara imza atmazdı”.
 
İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. “Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur”.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.