İcra Hakimiyyətindən özünü yandıran şəxslə bağlı açıqlama – Yenilənibbackend

Sabirabadın Qalaqayın kənd sakini olan daha bir İkinci Qarabağ müharibəsi qazisi, “Mauqli” ləqəbli XTQ hərbçisi Elvin Cəfərov icra hakimiyyətinin önündə özünə od vuraraq yandırıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, intihara cəhd edən Elvin Cəfərov onunla maraqlanmadıqları, iş vermədikləri, lazım olan müalicələri etmədiklərindən gileylənirdi.

Sabirabad rayon İcra Hakimiyyəti sözügedən məsələ ilə bağlı “Yeni Gündəm”ə açıqlama verib.

Açıqlamada bildirilir ki, 10 iyul 2022-ci il tarixdə Sabirabad rayonu Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 1987-ci il təvəllüdlü Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd etmişdir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilmiş və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilmişdir.

Məlumat üçün bildiririk ki, Elvin Cəfərov hazırda 400 manatdan çox pensiya alır. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə o, 2021-ci ildən “DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən (300 manat) ictimai işlərə cəlb olunmuş, anası Cəfərova Ruquyyə Musa qızı isə “Əmin” marketlər şəbəkəsində münasib işlə (aylıq əmək haqqı 300 manat) təmin olunmuşdur. Bundan əlavə Elvin Cəfərovun ailəsinə müxtəlif vaxtlarda rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 700 manat maddi yardım ödənilmiş, 300 manat dəyərində ərzaq məhsulları verilmiş, bundan başqa ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları tərəfindən Elvin Cəfərova mütəmadi olaraq maddi köməkliklər göstərilmişdir.

Həmçinin bütün bayramlarda ailə bayram sovqatı ilə təmin olunmuş, o cümlədən 09.07.2022-ci il tarixdə ailəyə “qurban payı” verilmişdir. Eyni zamanda Elvin Cəfərov 4400 manat sığorta pulu almış, “Yaşat” Fondu tərəfindən də ona müvafiq köməklik göstərilmişdir. Elvin Cəfərovun mənzil növbəsinə götürülməsi ilə bağlı hazırda rayon İcra Hakimiyyətinə sənədləşmə işləri aparılır.

Bildiririk ki, ötən həftə əlavə pensiya təminatı ilə bağlı sistemə məlumatların ötürülməsi ilə əlaqədar müvafiq sənədlərin toplanmasına Elvin Cəfərova yaşadığı Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən lazımı köməklik göstərilmişdir.