İcra hakimiyyətlərinin ləğv edilməsi təklif olunurbackend

2021-ci ili yola salırıq, bu il Azərbaycan üçün inflyasiya və itirilmiş fürsətlər ili kimi yadda qalacaq. İlin ən aktual və ən çox müzakirə edilən mövzusu qiymət artımı oldu, 2021-ci ildə ölkə əhalisinin real gəlirləri azaldı, dolanışıq çətinləşdi, sosial problemlər artdı, bütün bu problemlərin həlli üçün ən vacib addım olan institutsional sistem dəyişikliyi, Konstitutsiya islahatları baş vermədi, bu mənada 2021-ci ili itirilmiş fürsətlər ili kimi dəyərləndirmək olar.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Prezidentin ən yüksək reytinqə malik olduğu il məhz 2021-ci il idi. Siyasi ədəbiyyata və məntiqə görə ölkə liderinin ən yüksək reytinqə malik olduğu dövr ağrılı, amma vacib islahatlar dövrü olmalıdır ki, reytinqə güvənib, bir az da reytinqdən “xərcləyib” köklü islahatları həyata keçirmək mümkün olsun. Amma 2021-ci il kommunal xidmətlərin, dizelin, benzinin, tariflərin, yəni dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ilə reytinqin “xərclənməsinə” səbəb oldu.
Yüksək reytinq qazanmış İlham Əliyev 2021-ci ildə Konstitutsiya islahatları elan edə, tariximizdə ilk dəfə bu islahatların müxalifət tərəfindən tam dəstəklənməsi ilə ümummilli həmrəyliyə nail ola bilərdi. Çünki, bu gün iqtisadi-sosial problemlərin həlli, daxili və xarici təhdidlərin minimuma endirilməsi yolu məhz Konstitutsiya İslahatlarından, səlahiyyət və məsuliyyət bölgüsündən keçir. Nədir bu islahatların mahiyyəti, gəlin bir daha bunu qeyd edək:

– Prezident Dövlət Başçısı kimi rolu qalır, xarici siyasət, ordu, hüquq-mühafizə və kəşfiyyat orqanları birbaşa ona tabe olur, ölkədə elan edilmiş 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilir, Prezident hər birinə öz salahiyyətli nümayəndəsini təyin edir,

– Yerli İcra hakimiyyətləri ləğv edilir, 14 inzibati rayon ərzazisində yerləşən kənd, qəsədə və şəhərlərdə birbaşa bələdiyyə sədrləri seçkiləri keçirilir, Bələdiyyələrin səlahiyyət və məsuliyyəti dəqiqləşdirilərək Konstitutsiyada və qanunlarda öz əksini tapır,

– Parlament seçkiləri proporsional qaydada seçilir, deputatların sayı 150 nəfərə çıxarılır, seçkilərdə qalib gələn partiya (və ya partiyalar koalisiyası) Parlamentin üzvləri arasından hökuməti çıxarır və Prezidentin təsdiqinə təqdim edir. Parlamentdən çıxan hökumət sosial-iqtisadi məsələlərlə məşğul, Milli Məclis qarşısında hesabatlı olur. Prezidentin hökuməti istefaya göndərmək salahiyyəti olur, amma bu səlahiyyətdən istifadə edərsə avtomatik təkrar seçkilər təyin edilir,

– Məhkəmə hakimiyyətinin nümayəndələrinin, hakimlərin (bütün səviyyələrdə) üçdəbiri Prezident tərəfindən təyin edilir, üçdəbirini Parlament ən az üçdəiki səs çoxluğu ilə təyin edir (bu uzlaşma mədəniyyətinin formalaşması üçün vacibdir), üzdəbirini isə hüquq camiyası özü birbaşa seçkilərdə seçir,

– Prezidentin səlahiyyətində olan sahələrin rəhbərlərini birbaşa Prezident təyin etsə də, Parlamentin onları iclaslara dəvət edib hesabat xarakterli dinləmələr keçirmə salahiyyəti olur.

Bütün bunlar yeni sistemin “skiletidir”, təbii ki, daha geniş müzakirələrlə bu sistemi daha canlı, “ətli-qanlı” etmək mümkündür.

2022-ci il ciddi çağırışlar ili olacaq. Əsas da xarici siyasətlə bağlı, ətrafımızda Şimal küləklərinin daha ciddi əsdiyi, bizi öz soyuq küləyi ilə cazibəsinə almaq cəhdləri ili olacaq. Daxildə isə əsas problem yenə də inflyasiya, işlək yeni iqtisadi modelə keçid, sosial problemlərin həlli məsələsi olacaq. Bütün bu problemlərin həlli mürəkkəb, effektiv, modelə keçid olmadan mümkünsüz görünür. Prezidentin bu il də hələ yüksək səviyyədə qalacaq reytinqindən istifadə edərək belə islahatların əsas mərkəzi və təklifedici institutu olması şansı var, bu mənada 2022-ci il fürsətlər ili olaraq qalır. O ki, qaldı həmrəyliyə, 44 günlük Zəfər tariximiz, ordumuzun şücaəti göstərdi ki, millət və xalq olaraq həlledici anlarda həmrəy ola, birləşə, eyni hədəfə vura bilirik, bu mənada unikal, böyük potensialı olan toplumuq. Amma 21-ci əsrdə bu potensialın açılması üçün yeni sistem vacibdir, elə bir sistem qurmalıyıq ki, özrəy olan (yəni, öz fikri, rəyi olan) insanlar ümummilli məsələlərdə həmrəy olmağı bacarsınlar – sözün qısası, dayanıqlı həmrəyliyə gedən yol özrəy olmaqdan, vətəndaş olmaqdan keçir” – N.Cəfərli qeyd edib.