İkinci dalğa ilə bağlı daha bir açıqlama: “Payız aylarında…”backend

Əksər xəstəliklərdə olduğu kimi burada da həkimə vaxtında müraciət xəstə üçün proqnozu yaxşılaşdırır

İlin soyuq fəsillərində artan xroniki xəstəliklərdən ölüm halları göstərir ki, payız fəslindən sonra baş verə biləcək ikinci dalğa xroniki xəstəlikləri olanlar üçün daha çox təhlükə kəsb edir

Hər kəsin həyatını alt-üst edən koronavirus epidemiyası hələ bitməyib. Ölkəmizdə son zamanlar sevindirici statistik göstəricilər əldə olunsa da, hələ də virusa qarşı mübarizə davam edir. Hətta hazırda virusun yayılmasına nəzarət edən ölkələr belə “ikinci dalğa”nın olacağından ehtiyat edirlər.

Xatırladaq ki, yüz il əvvəl “ispan qripi”nin ikinci mərhələsi birincisindən daha ölümcül idi. Bəs görəsən, koronavirusun ikinci dalğasından yayınmaq mümkündürmü?

Suallarımızı artıq aylardır ki, koronaviruslu xəstələrinin müalicəsi ilə məşğul olan Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış həkimi, infeksionist Nicat Əzimli müsahibə verib:

– Artıq neçə müddətdir ki, koronavirus xəstələrini müalicə edirsiniz. Bu müddət ərzində xəstəlikdə ən qorxulu hal nədir?

– Qorxulu hal elə insanların öz immunitetlərinə çox güvənməsidir. Bəzən xəstə hospitala gecikdirilmiş halda gətirilir. Həmçinin, evdə edilmiş özbaşına müalicələr vaxt itkisinə səbəb olur ki, bununla da, xəstənin durumu ağırlaşır. Daha qorxulusu isə belə xəstələrin xroniki xəstəliklərinin olmasıdır. Bunlar durumu ağırlaşdıran, işimizi çətinləşdirən önəmli meyarlardır. Qeyd etməliyəm ki, əksər xəstəliklərdə olduğu kimi burada da həkimə vaxtında müraciət xəstə üçün proqnozu yaxşılaşdırır.

– Hər kəsi düşündürən bir sual. İkinci dalğa nə zaman gələcək?

– Öncə pozitiv düşünərək, bunun olmayacağına ümid edək. İlk olaraq tədbirli davranaraq cəmiyyətimizdə yoluxma sayının artımının qarşısını almaq lazımdır. Yenə də əgər proqnoz vermək gərəkdirsə, karantin qaydalarında yumşalma ilə paralel olaraq bu halın baş vermək ehtimalı var. Bunun olmaması isə yenə də xalqımızın tədbirli olmasında, maska istifadəsi, sosial məsafə və əl təmizliyinə diqqət etməsindən asılıdır.

– Əgər gözlənilən hal baş verəcəksə, aylardır ki, karantində qalan insanların durumu sizcə necə olacaq?

– Bu suala həkim prizmasından cavab verəcəyəmsə, deyə bilərəm ki, ikinci dalğa onsuz da aylardır açıq hava, günəş şüasından təcrid olunmuş, cəmiyyət arasına çıxa bilməyən, aktiv sosial həyatdan uzaqlaşmış toplum üçün birincidən daha çox arzuolunmaz durum olacaq.

– Kimlər üçün ağır fəsadları ola bilər? Bu durumda ölüm faktları artacaqmı?

– İlin soyuq fəsillərində artan xroniki xəstəliklərdən ölüm halları göstərir ki, payız fəslindən sonra baş verə biləcək ikinci dalğa xroniki xəstəlikləri olanlar üçün daha çox təhlükə kəsb edir. Onlar özlərini daha çox qorumalıdırlar. Ölüm faktlarının artması istisna deyil.

– Ən pik nöqtə harada yaşanacaq?

– Plato həddi deyilən pik nöqtə infeksiyanın çox yayıldığı hallarda statistikada təbii olaraq yaranan stabilləşmədir. Bizim bu həddə təkrar çatmayacağımıza ümid edirəm. Nəzərə alsaq ki, ölkə olaraq “COVID-19” pandemiyası ilə artıq tanışıq, müəyyən təcrübəmiz də var, son günlərdə isə yoluxma sayında azalmaya da nail olmuşuq, bu, hər şey daha da nəzarətdə olacaq deməkdir.

– Yaxın günlərdə ölkəmizdə iki olimpiya kompleksi modul tipli xəstəxana kimi istifadəyə verildi. Bu, insanlara ikinci dalğanın gələcəyi xəbərdarlığı idi?

– Bu bir təhlükə xəbərçisi deyil, sadəcə bir tədbir və nizamlamadır. Böyük şəhər xəstəxanalarının xüsusi rejimə keçmədən normal fəaliyyətini təmin edə bilmək məqsədi daşıyır. Nəzərə alsaq ki, bu xəstəxanalar xüsusi rejimə keçdikdən sonra digər xəstələri qəbul edə bilmirdilər.

Artıq modul tipli xəstəxanaların olması imkan verir ki, vətəndaşlara normal tibbi xidmət göstərilə bilsin.Şərq.az