İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdirbackend

Ermənilər bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. Diqqəti cəlb edən məqamlardan biri də cənab Prezidentin, eləcə də Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etməsi, eyni zamanda xristian dini məbədinə baş çəkməsidir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövlətinin tam qorunması və nəzarəti altında olacaq. Heydər Əliyev Fondu indiyə kimi yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, tarixi şəhərimizin ilkin və tarixi simasının bərpa olunması, azad edilmiş torpaqlarımızda məscidlərimizin əsaslı şəkildə təmir edilib öz simasına qaytarılmasına dair verilən tapşırıqlar isə bir daha onu göstərir ki, dövlətimiz, xalqımız tarixi keçmişinə, milli mədəniyyətinə, mənəvi və dini dəyərlərinə olduqca bağlıdır. Dövlət başçımızın və birinci xanımımızın Şuşadakı məscidlərə Qurani-Kərim hədiyyə etmələri əslində dünyaya bir mesaj idi.Azərbaycan xalqı Türk dünyasının bir parçası olduğunu, ağıllı siyasi lider, məğrur sərkərdə ətrafında yumruq tək birləşərək xilaskarlıq amalları uğrunda ölümə belə hazır olduğunu, iqtisadi və hərbi qüdrətini bir daha sübut etdi. Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Ulu öndər Heydər Əliyev də hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli liderin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Əhmədova Cavahir, YAP -ın üzvü