İkiqat gömrük rüsumunun tətbiq edilməsinin QORXUNC SƏBƏBLƏRİbackend

Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün vəzifədən getməsindən sonra mətbuatımızın üzünə yenidən gün doğdu. Artıq mətbuatımız üçün Azərbaycanda toxunulmaz adam yoxdur. Halbuki illərlə mətbuatımız ən xırda məmur haqqında hansısa irad bildirmək hüququna malik deyildi.

Ramiz Mehdiyevin tapşırığı və Əli Həsənovun göstərişinə əsasən ancaq xüsusi nəşrlər xüsusi sifarişlə yazılar yaza bilirdi. Kimsə obyektivlik naminə hansısa problemi qaldırmağa cəhd etsə, yəni Əli Həsənovun qoyduğu qadağanı pozsa, onda həmin nəşri və onun rəhbərini sərt cəzalar gözləyirdi. Şükür olsun ki, bu qara qüvvələr hakimiyyətin ən üst qatından çəkildilər. Və bir çox sahələr kimi mətbuat da rahat nəfəs almağa başladı. Və bu gün istənilən sahədə nəzərəçarpan problemlə bağlı mətbuat müstəqil şəkildə öz sözünü deyə bilir.

Vaxtilə tənqid üçün qapalı olan sahələrdən biri də Dövlət Gömrük Komitəsi idi. Uzun illər gömrükdəki ən xırda nöqsan barədə fikir söyləmək mətbuata yasaqlanmışdı. Halbuki bu qurum uzun illər iqtisadiyyatımızın inkişafına əməlli-başlı problem yaradıb. Daxili bazar qətiyyən qorunmayıb. İnhisarçılıq baş alıb gedib. Sağlam rəqabət mühitindən danışmağınsa yeri yoxdur.
Ona görə də ölkə iqtisadiyyatı bəzi xain qüvvələr tərəfindən zaman-zaman durdurulub, inkişafdan saxlanılıb. Çox təəssüf ki, gömrükdəki problemlər bu gün də qalmaqdadır. İş adamları üçün 10 il bundan qabaqkı problemlər indi də mövcuddur. İndi heç də istənilən sahibkar istədiyi ölkəyə mal ixrac edə bilməz. Və yaxud istədiyi ölkədən mal idxal edə bilməz. Bunun üçün Dövlət Gömrük Komitəsində kimlərinsə bığının altından keçmək gərəkdir. Əks təqdirdə DGK sahibkarı işlədiyinə görə yox, doğulduna görə peşiman edir.

Mən sahibkarlar tanıyıram ki, yana-yana danışır ki, DGK imkan versə, Azərbaycanı ən sərfəli bazara çevirmək olar. Çünki ölkəmizin yerləşdiyi coğrafi ərazi elədir ki, Avroasiyanın ən rahat ticarət zonası burada formalaşa bilər. Amma DGK Ərəbzəngi kimi kəsib sahibkarların yolunu. Ancaq öz yaxınlarına meydan verir. Onlar da su qiymətinə gətirdikləri məhsulu od qiymətinə xalqa sırıyırlar. Başqa bir tanış sahibkar mənə danışır ki, Azərbaycana gətirilən bir çox meyvələr və kənd təsərrüfatı məhsulları beynəlxalq standartlara uyğun deyil.

Məsələn, hamımızın ən çox sevdiyi bananı götürək. Azərbaycana gətirilən banan xırdalığına görə heyvanlar üçün nəzərdə tutulub. Amma bizdə onu orqanik məhsul kimi əhaliyə satırlar. Ən dəhşətlisi odur ki, Azərbaycan sərhədlərinə kimi kiloqramı 15-20 qəpiyə gəlib çıxan banan gömrük buraxılış məntəqəsində bəyan edildikdən sonra qiyməti ən azı 5-6 dəfə bahalaşır. Və nəticədə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməyən bananın bir kiloqramı topdansatış məntəqələrinə ən azı 1 manat 30, 1 manat 50 qəpiyə təklif olunur. Amma mövcud qaydalara görə ölkədə istehsal olunmayan məhsula gömrük rüsumu tətbiq edilməməlidir. Amma bura Azərbaycandır. Və burdakı qanunlar beynəlxalq qanunları birmənalı şəkildə təkzib edir.

Gömrükdəki özbaşınalıqla bağlı başqa bir nümunə gətirmək istəyirəm. Azərbaycanda avtomobillərə tətbiq edilən gömrük rüsumunun dünyada anoloqu yoxdur. Bu gün Azərbaycan gömrük orqanlarında tətbiq edilən gömrük rüsumları heç Afrikanın ən geri qalmış ölkələrində rast gəlinə bilməz. Hələ Allahın kasıb Gürcüstanını demirəm. Bizdə hər il yox, hər ay gömrük rüsumu qaldırılır. Bu qiymət artımını da elə qəşəng “aformut” edirlər ki, guya Səfər Mehdiyevin gecələr yatmayıb, gündüzlər çörək yemədən fikri-zikri o olur ki, dövlətin büdcəsinə (əslində ailəsinin büdcəsinə) daha çox vəsait cəlb etməkdir. Amma istənilən vətəndaş fikirləşir ki, Gürcüstanın dövlət büdcəsi bəyəm yoxdur? Bəs onlar niyə gündə gömrük rüsumunu qaldırmırlar?

Xatırladım ki, hazırda Gürcüstanın xarici borcu ÜDM-ni 120 faiz üstələyir. Amma orada gömrük orqanları bizdəki kimi xalqın qanına susamayıb. Orda hər şey vətəndaşın rifahı üçündür. Bizdə isə hər şey DGK-nın əməkdaşlarının rifahı üçündür. Adi bir nümunə göstərim. Məsələn, ölkəmizə gətirilən 2015-ci il istehsalı olan, mühərrikin gücü 2,8 kb/sm, bəyannamədə qiyməti 31 min ABŞ dollar göstərilən BMW avtomobili üçün qonşu dövlətdə 3 min 388 lari (təxminən 1700 manat), Azərbaycanda isə 21 min 960 manat gömrük rüsumu tələb olunur. Gömrük rəsmiləşməsində fərq nə az, nə çox düz 12 dəfədən çoxdur. Və yaxud 2018-ci il istehsalı olan, mühərrikin gücü 2,5 kb/sm, bəyannamə qiyməti 15 min 500 ABŞ dollar göstərilən RAV4 avtomobili üçün Gürcüstanda 4 min lari (2 min manat), bizdə isə 14 min 631 manat gömrük rüsumu tələb olunur. Fərq 7 dəfə böyükdür. Bu isə DGK-nin Allahsız gömrük siyasətinin adi bir sübutudur.

Yəni bizdə tətbiq edilən rüsumlar beynəlxalq qaydalar və yerli qanunlarla deyil, DGK sədrinin şəxsi istəyi ilə həyata keçirilir. Avtomobildən söz düşmüşkən, başqa bir dəhşətli faktı söyləyim. Bəzi soydaşlarımız gedib Avropadan qəzadan sonra istismara yaramayan əzik-üzük avtomobil gətirirlər. Bunun üçün keçib gəldikləri heç bir ölkədə hansısa problemlə üzləşmirlər. Amma Azərbaycanın gömrükçüləri leş avtomobl gətirən adamın anadan əmdiyi südü burnundan gətirir. Zibilxanaya atılmalı olan avtomobili gömrükçülərimiz yeni avtomobil kimi və bu günki, bazar qiyməti ili qeydiyyata alır, istədikləri rüsumu təqdim edirlər. Hələ onu demirəm ki, Azərbaycan ikiqat əlavə dəyər vergisi tətbiq edilən yeganə ölkədir.

Bu barədə daha ətraflı növbəti yazıda söhbət açacağıq.KONKRET.az