İlham Əliyev: Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm, lakin danışıqların məğzi olmalıdırbackend

Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” deməsi münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələr – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk Qrupu danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar. Regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Prezidenti, İlham Əliyev bu barədə “Əl-Ərəbiyə” telekanalına müsahibəsində aparıcının həll yolu barədə sualına cavabında bildirib.

“İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş dırnaqarası inqilab nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv etdi. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır”.