İlham Əliyev: Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdırbackend

“Eyni zamanda, biz Ermənistanın işğalçılıq siyasətini ifşa etməli idik. Çünki əfsuslar olsun Ermənistanın nəzarətində olan beynəlxalq media resursları, satılmış siyasətçilər, onların xaricdəki havadarları, erməni lobbisi – onlar belə bir rəy yaratmışdılar ki, sanki Azərbaycan təcavüzkardır”.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib. Dövlət başçısı bəzi ölkələrin torpaqları işğal altına düşən zaman Azərbaycana qarşı sanksiyalar tətbiq etdiyini xatırladıb.

“Azərbaycan torpaqları işğal altına düşən zaman bəzi ölkələr bizə qarşı sanksiyalar tətbiq etmişdilər. Yəni, biz öz diplomatik imkanlarımızdan faktiki olaraq istifadə etmirdik. Ona görə bütün dünyaya sübut etməli idik ki, biz haqlıyıq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə beynəlxalq müstəvidə çox fəal iş aparırdıq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Yəni, bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi. Bununla paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq. Bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi. Düzdür, bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Amma onlar da heç bir səmərə vermədi. Çünki biz bu illər ərzində güclü beynəlxalq dəstək qazandıq. Biz Qoşulmama Hərəkatına sədr seçildik. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür. Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var – bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik”.