İlhamə Abdullayeva ilə Mehman Adıgözəlovun Evdə Fərdi Təhsil Məktəbində direktor tamaşası…backend

Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər daxil olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında son olaraq “Direktor sarıdan bəxti gətirməyən məktəb” başlıqlı məqalə dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç bəxti gətirməyib.
Uzun müddətdir Sumqayıt təhsilinin formalaşmasının mümkün olmamasına səbəb nədir?! Sistemdə bir çox dəyişikliklər edilməsinə baxmayaraq, boşluqlar, idarəçilərin rüşvətlə təyinat alması təhsil ocaqlarında ağır nəticələr verməkdədir. Direktor təyin edilənlər heç də təhsilin yüksəldilməsini düşünmür. Verdiyi “şirinliyi” çıxarmaq üçün əlli bəhanələr gətirərək qeyri-qanuni yığımlar haqda planlar icad edirlər. Bəs təhsil, Azərbaycanın gələcəyi üçün çalışan ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını kimlər, haçan icra edəcəklər? Dəvəquşunun səhra macərası Fərdi Evdə Təhsil məktəbindən yan keçmir. İllərdir bu müəssisədə gedən oyunlar dillər əzbəri olub. Lakin İlhamə Abdullayevaya sual etsən məsələdən şübhəsiz ki xəbərsiz olduğunu deyəcək. Amma 5 illik müddətə nəzər salsaq məktəb idarəçiliyində nə qədər rəhbər dəyişildiyini görərik. Bu təyinatların heç biri isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin iradəsindən kənar olmayıb. Bəs bu şəxslərin qısa müddət fəaliyyətinin İlhamə Abdullayeva nə ilə əlaqələndirəcək. Redaksiyamıza yeni müraciət daxil olan müraciətdə deyilir:
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər gəldiyinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru gətirib bizim Evdə Fərdi Təhsil Məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, Evdə Fərdi Təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı Təhsil İdarəsində Tibbi-Pedaqoji-Pssixoloji Komissiyasının rəhbəridir. Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında Evdə Fərdi Təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənlərə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. Korrupsiya halı olmayan yerdə bu qədər narazılıq hansı hallarda baş verməsi mümkündür!? Direktorun həyat yoldaşı Səidə müəllimə təzə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Müəllim heyəti buna da razılıq verib. Ancaq bir məsələ də var. Belə ki, kənardan gətirilən müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, EFT məktəbində də 16 saat dərs alanda ümumi 36 saat edir. Bu da elə-belə başa gəlmir də… Hələ eşitdiyimizə görə, 1 saat dərs üçün 80-100 manat görüm baxım edirlər. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aiddir. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni Regional Təhsil İdarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç İcra Hakimiyyəti də söz deyə bilməz”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Biz ötən yazımızda həmin “fədakar” müəllimlərin bəzilərinin adlarını çəkmişdik.
Müraciətdə sonra deyilir: “Vladim İbrahimovun həyat yoldaşı Səidə İbrahimovanın Tibbi Pedaqoji Komisisya üzvü olduğunu nəzərə aldıqda təhsildə 400 şagirdin evində dərs alması mütləq yoxlanılması vacib məsələlərdəndir. S.İbrahimovun repetitor yanına övladların rahat göndərmək üçün müraciət edən valideynlərə “övladlarınız internat məktəblərində incidiləcək, lakin Evdə Fərdi Təhsil sistemində bu problemlərlə üzləşməyəcəksiniz”, kimi danışıqlarla valideynlərin sağlam övladlarını xəstə adı ilə qeydiyyata alınmasına nail olurlar. Artıq qeydiyyata alınması belə 2000-3000 manata başa gələn məsələdə hər il 400 nəfər şagird qəbul edilməsi hesablamalara görə 800.000 manat civarında korrupsiya halının baş verməsi deməkdir”.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə hər il şagird sayı artır və ya kontinget ildə bir dəfə dəyişir. Bu isə hazırlıqlara cəlb edilmiş şagirdlərdir ki, ali məktəblərə verdikləri imtahanlardan sonra adları məktəbin şagird siyahısından silinir. Bəs o zaman yoxlamalar zamanı sağlam uşaqların niyə xəstə olmadığı müəyyən edilməsi yönündə İlhamə Abdullayevanın tədbir görmədiyi sual doğurur. Bu da onunla əlaqəlidir ki, Vladim və həyat yoldaşı Səidə daim “bizim arxamızda onsuz da Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirəsi İlhamə Abdullayeva dayanır. Bizə heç icra başçısı Zakir Fərəcovda söz demək ixtiyarında deyil”, deyə onlardan narazı olanlara deyirlər.
Hələlik bu qədər. Növbəti yazımızda İlhamə Abdullayevanın direktor vəzifəsinə təyinat yolunda kəşf etdiyi metodlardan söhbət açacağıq.

Aktualxeber.az
QEYD: Bu gün təhsilimizdə nə desən ola bilər….