İlk növbədə bu məcburi köçkünlər torpaqlarına qaytarılacaq – Prezidentbackend

“Biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalı, öz rolunu oynamalıdılar: “Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək.

Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar”.