İmran Xan həbsdən azad edildibackend

İslamabad Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI – Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan məhkəmə qərarı ilə 8 günlük həbs edilmiş, amma dünən Pakistan Ali Məhkəməsi sabiq Baş nazirin həbsini qanunsuz elan etmişdi.

İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.

Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib./APA