“İMZA”nın dəstəyi ilə çəkilmiş “Şuşam mənim” klipi maraqla qarşılanıbbackend

Xalq Artisti, milli ruh, qəhrəmanlıq, vətənpərvərlik janrında oxuduğu mahnılarla hər zaman tamaşaçıların qəlbini fəth etmiş Tünzalə Ağayeva bu dəfə öz yeni şərqisi ilə azad Şuşamızı tərənnüm edib.

Tünzalə xanımın bəstəkarı olduğu mahnıda qədim Pənahabad, bütün azərbaycanlıların ruhunun, qəlbinin, könlünün şəhəri olan, mənəviyyatımızda, mədəniyyətimizdə xüsusi yerə malik, xarı bülbülün vətəni gözəl Şuşamız vəsf olunub.

Böyük şairimiz Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı qısa müddətdə azərbaycanlı tamaşaçıların sevgisini qazanıb, necə deyərlər könülləri oxşayıb. Şərqinin sözlərində deyildiyi kimi torpaqdan pay olmaz! Gözəllikdə Şuşaya bənzər şəhərin olması da əslində mümkünsüz görünür. Yüksək səviyyəli və keyfiyyətli klipin çəkildiyi “Şuşam mənim”də mədəniyyət paytaxtımızın mənfur düşmənimizdən azad edilməsi əməliyyatına həsr olunmuş və ayrıca səhnələşdirilmiş epizodlar da var. Gözəl ifa və həzin musiqiylə müşayət olunan klipdə tamaşaçılar əziz şəhidlərimizin canı, qanı, qazilərimizin misilsiz şücaəti nəticəsində yenidən hürriyətinə qovuşmuş, əsl təbiət möcüzəsi sayılan və əsrarəngiz məkanda yerləşən şəhərimizin möcüzəvi mənəvi aurasına bir daha valeh olurlar. Biz vətən uğrunda ölmürük, şəhid oluruq. Bir ölsək də min dirilirik.

Ona görə Azərbaycanımız üçün canımızı fəda edirik ki, azad vətənimiz və bu vətəni cənnətə çevirəcək övladlarımız xoşbəxt yaşasın! Məhz bu məqamın xüsusi həssaslıqla canlandırıldığı klipin araya-ərsəyə gəlməsinə təşkilati dəstək vermiş “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi  Xalq ArtistiTünzalə Ağayevaya, klipin ssenari müəllifi Günel Anarqızına və rejissoru Ülviyyə Könülə, bir sözlə bütün yaradıcı heyətə layihəni yüksək peşəkarlıq, incə zövq və ustalıqla həyata keçirdiyinə görə təşəkkür edir, onları Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərimiz münasibəti ilə ən səmimi hissləri ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır. Biz birlikdə güclüyük, hədəfimiz, amalımız hər fürsətdə Millətimizə və Dövlətimizə xidmət etməkdir!