“İmzalanmış bəyanatlar ölkəmizin diplomatik uğurlara imza atdığını sübut edir” – Cavid Osmanovbackend

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu alınmaz qala hesab edilən Şuşa şəhərini işğaldan azad etdikdən sonra onsuz da ondan əvvəlki 43 gün ərzində ağır itkilər verən düşmən tərəfdə ciddi sarsıntı yaşandı. Şuşanın işğaldan azad edilməsi Ermənistanın məğlubiyyəti demək idi. Düşmənə vəziyyətdən yeganə çıxış yolu üçün kapitulyasiya aktına imza atmaq qalırdı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli Azərbaycan Ordusunun gücü ilə ölkəmiz bu tarixi Zəfərə nail oldu. 2020-ci il noyabrın 10-da Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanat imzalandı ki, bu da Azərbaycanın Qələbəsini rəsmiləşdirən sənəd oldu. Ermənistan üçün isə bu sənəd məğlubiyyətinin təsdiqləndiyi kapitulyasiya aktı oldu. 44 günlük müharibədə düşmənin zirehli texnikası məhv edildi, canlı qüvvəsi çox ciddi itkilər verdi. Üçtərəfli Bəyanata əsasən münaqişənin hərbi mərhələsi sona çatdı, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində düşmən Azərbaycanın gücünü, bütün dünya isə birliyini, həmrəyliyini gördü. Böyük sərvətimiz, dəyərimiz olan həmrəyliyimiz möhtəşəm Zəfərimizin əsas amillərindən biridir. Ümumxalq birliyinin təntənəsi və Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur və heç bir statusdan söhbət gedə bilməz. Bütün digər rayonlarımız kimi, Qarabağ da Azərbaycanın tərkib hissəsidir”.

Bunu “Yeni Gundem”-ə açıqlamasında deputat Cavid Osmanov bildirib.

C.Osmanov qeyd edib ki, döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də zəfərin qazanılmasını şərtləndirdi: “Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu öz xeyrinə dəyişdi və itirilmiş ərazilərini geri qaytardı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu və qətiyyətli siyasət nəticəsində dünyanın 50 ən güclü ordusundan birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində tarix yazdı. Ordumuzun döyüş taktikası, əsgər və zabitlərimizin göstərdikləri şücaət dünya hərb tarixində yeni səhifə açdı. Bu gün dünyanın hərbi mərkəz və məktəblərində Azərbaycanın Vətən müharibəsi, eyni zamanda, Şuşanın azad edilməsi uğrunda Ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları geniş təhlil edilir və öyrənilir. Vətən müharibəsi başlayan ilk saatlardan qardaş Türkiyənin ölkəmizə siyasi dəstək verməsi və qətiyyətli mövqe sərgiləməsi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdı. Hərbi əməliyyatların sonunda imzalanmış üçtərəfli Bəyanat, həmçinin yaranmış yeni reallıqların hüquqi və siyasi bünövrəsini müəyyənləşdirdi. Bəyanatın beşinci bəndinə əsasən, tərəflərin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərirlər. Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında mühüm amillərdən biri də nəqliyyat və kommunikasiyaların açılmasıdır ki, bu da üçtərəfli Bəyanatda əks olunub. Nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi yaradılacaq. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil. Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçılıq siyasətinə son qoydu və Ermənistan 30 il davam edən danışıqlar prosesində istədiklərinə nail ola bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, tarixi və əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Ən əsası, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Uzun illər ərzində formalaşdırılan erməni mifləri darmadağın edildi, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı məğlubiyyətlə barışan deyil. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Üçrətəfli Bəyanatın imzalanması ilə davamlı siyasi, diplomatik və iqtisadi uğurlarımızın əsası qoyulmuş oldu. Azərbaycan dövləti artıq Böyük Qayıdış strategiyasının  icrasına başlayıb. Belə ki, düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Həmçinin avtomobil və dəmir yolları çəkilir, tunellər, körpülər tikilir, eləcə də digər bütün infrastruktur yaradılır. İki ölkə arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunub və məsələ ilə bağlı müvafiq Komissiyalar da yaradılıb. Sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olunub.  Münaqişə bitdikdən sonra Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, mübahisəli məsələrin həll edilməsi məqsədi ilə keçirilən bütün görüşlər Prezident cənab İlham Əliyevin yüksək diplomatik məharəti və qətiyyətli siyasəti nəticəsində ölkəmizin xeyrinə yekunlaşır və görüşlərdən sonra qəbul edilmiş bəyanatlar da Azərbaycanın üstünlüyünü təsdiq edir. İstər 6 oktyabrda keçirlən Praqa görüşləri olsun, istərsə də 31 oktyabrda baş tutan Soçi görüşlərində imzalanmış bəyanatlar ölkəmizin diplomatik uğurlara imza atdığını sübut edir”.