İnsan alveri ilə məşğul olan qadına 9 il həbs cəzası verildibackend

Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Sevinc Durmuşovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sevinc Durmuşova verilmiş maddələrlə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir qrup qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında Sevinc Durmuşovanın barəsində cinayət işi başlanıb.

S.Durmuşovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham verilib.