İnsan orqan və toxumalarının transplantasiyası haqqında qanun qüvvəyə mindibackend

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

“Yeni Gündəm”-in məlumatına görə, qanun 5 fəsil, 35 maddədən ibarətdir.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr, meyit donordan isə transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər. Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağan edilir.

Qanuna uyğun olaraq Nazirlər Kabineti donor orqanların götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri tibb müəssisələrin siyahısını təsdiqləyib.

Orqan donorluğu və transplantasiya sisteminə aşağıdakılar daxildir:

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

– əlaqələndirici qurum;

– vahid dövlət informasiya bazası;

– Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası.

Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçiriləcək. Orqan donorluğu və transplantasiyası üzrə monitorinq Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1208 nömrəli Fərmanına əsasən Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qanuna əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.

Bu qanun qüvvəyə mindiyi gündən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-IQ nömrəli Qanunu ləğv edilir.