İradə İsak: “Qəşəng donu geyib, saçımı darayıb, dodağımı silikon edib efirə çıxım” deyil bu…backend

“Kim bunlara deyib ki, efirə deputat çağıranda sanballı olur. Sanballı bilirsiniz nə idi? Türk jurnalist, bilmirəm hansı idi, Gəncə hadisəsi zamanı yaralanan bir uşağa dostundan məktub aparmışdı. O qədər gözəl hazırlamışdılar ki. “Biz türklərə texnikada uduzuruq, ona görə zəifik” deyənlərədir sözüm. Fantaziya, ürək, peşəkarlıq, fəhm yoxdur demirsiniz, başqa nə deyəsiniz ki?”

“Yeni Gündəm” xəbər verir ki, bunu tanınmış teleaparıcı İradə İsaq deyib.

O, həmçinin aparıcıların işinin çətin və məsuliyyətli olduğunu da vurğulayıb: “Telejurnalistin işi çooox çətindir. Allah dünyada az belə mükəmməl insan yaradır. Onun həm görkəmi yaxşı olmalıdır, həm nitqi, həm intellektı, həm jurnalistlik fəhmi, həm yaxşı qələmi, həm analitik düşüncəsi, həm nüfuzu, həm işinə sevgisi, həm fədakarlığı, həm güclü fantaziyası, həm yüyrək dili və hələ arxada nə qədər vergülü var. Türkiyədəki zəlzələni gedib çəkib millətimizə, heç canlı olmasın, normal şəkildə təqdim edə bildikmi? Hər jurnalist telejurnalist ola bilmir, təəssüf. Bu sənət hamının boyuna ölçülməyib. Xüsusən dost-tanış məsələsindən çox uzaqdır.  Telejurnalist yetişdirilir, illərlə. Yoxdur, yaratmamısınız. Dünyanın ən son texnologiyaları var bizim efirlərdə. Bir Ruhi Çenet qədər ola bilmirlər. İş texnikada deyil. İş peşənə sevgidədir, səmimiyyətdədir, tamaşaçıya ötürdüyün isti enerjidədir. Bu efirdən də duyulur, biləsiniz. Səmimiyyəti oynamaq yox, səmimi olmaqqqq deyirəm. “Qəşəng donu geyib, saçımı darayıb, dodağımı silikon edib efirə çıxım” deyil bu. Yeri gələndə bu işin qara fəhləsi olmaqdır. Sənətdir. Ciddi məşğul olunmalı, hazırlıqlı olmalı, Allahından da istedadını almalı çox asan görünən, amma olduqca çətin olan sənət.”