İran BMT Baş Assambleyasında səs vermə hüququndan məhrum olundubackend

İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata olan ödənməmiş borcları səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktubda deyilir.

“Hazırda beş üzv ölkə BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur”, – deyə məktubda qeyd olunub.

19-cu maddəyə əsasən, borclu olan BMT üzvü “borclarının miqdarı əvvəlki iki il ərzində olan borcun məbləğinə bərabər və ya artıq olduqda, Baş Assambleyada səs verə bilməz”.

Məktubda borclular siyahısına beş dövlət daxildir: MAR, İran, San-Tome və Prinsipi, Komor adaları və Somali. Buna baxmayaraq, Baş Assambleya son üç üzvün bu sessiyanın sonuna qədər səs vermə hüququnu saxlayıb.

Quterreşin məktubuna görə, səs hüququnu bərpa etmək üçün İranın təşkilat büdcəsinə 16 251 298 dollar, MAR isə 29 395 dollar borcludur.