İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki qeyri-qanuni mühacirlərin deportasiya edilməli olduğunu və onların ölkələrinə geri göndərilənlərin geri qayıtmasının qarşısını almaq üçün təsirli mexanizmlərə ehtiyac olduğunu bildirib.
Yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, paytaxt Tehranda keçirilən kabinet iclasında mətbuata açıqlama verən daxili işlər naziri Vahidi, əksəriyyəti əfqanların təşkil etdiyi ölkədə nizamsız mühacir problemi ilə bağlı açıqlamalar verib.
İranda anti-Əfqan əhval-ruhiyyəsinin yaşanmaması lazım olduğunu vurğulayan Vahidi, “Qanunsuz immiqrantlar ölkəni tərk etməlidir. Həmçinin geri göndərilən və sonra ölkəmizə qayıdan immiqrantlarla mübarizə üçün daha güclü mexanizmə ehtiyacımız var” deyib.
Xatırladaq ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana kütləvi şəkildə qeyri-qanuni mühacir axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.
Mənbə: TGRT
Aynur Camal