İrfan Çiftçinin ölümündən bir il ötürbackend
Türkiyə və Azərbaycan ədəbiyyatı, incəsənətinin dərin bilicisi, Türkiyənin  Azərbaycandakı keçmiş mədəniyyət müşaviri İrfan Çiftçinin ölümündən bir il ötür.
“Yeni Gündəm”in məlumatına görə, bu münasibətlə mərhum müşavirin çalışdığı İstanbul – 1453 Universitetində İrfan Çiftçinin anım tədbiri keçirilib. Tədbirdə dünyanın dörd bir yanından alimlər, elm adamları və mərhumun dostları toplaşıb onu yad ediblər.
Universitetin kitabxanasında keçirilən tədbirdə proffessor  Sayım Yorğun, Haluk Alkan, Mehmet Yalçın Yılmaz Minar, şairlər Ali Günvar Küratör Lütfi Şen, Osman Hakan Arslan, Ahmet Keltek, rəssam Günay Zebiç ( Mehdizadə) çıxış ediblər. Ziyalılar mərhumu yad edərək xatirələrini bölüşüblər.
Anım tədbirində bildirilib ki, İrfan Çiftçinin kitabları İstanbul Universitetində daima öz guşəsində olacaq və universitetin yaxınlığında adına park salınacaq.
Orada çıxış edən tanınmış rəssam Günay Zebiç (Mehdizadə) 55 yaşında vəfat edən görkəmli ziyalı, ictimai xadim, alim və şair İrfan Çiftçini hər zaman sonsuz sevgi və ehturamla xatırlayacağını deyib:
“İrfan Çiftçinin itkisi təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın, türk dünyası mədəniyyətinin itkisidir. Çünki İrfan Çiftçi 30 ildən artıq müddətdə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında həm fərdi şəkildə, həm də rəsmi-ictimai səviyyədə mühüm rol oynayıb, ölkələrarası inteqrasiyanın, qardaşlığın möhkəmləndirilməsinə çalışıb.
Onun bu istiqamətdəki işləri təkcə müstəqillik dövrünü deyil, Azərbaycanın müstəqilliyindən öncəki zamanı da əhatə edir. Sanki o, gələcəyi görürmüş kimi, ta o vaxtdan bu yöndə mühüm fəaliyyət sərgiləyib, tərcümələri, yazıları, keçirdiyi tədbirləri ilə önəmli işlərə imza atıb.
Son illərdə onun ölkəmizlə bağlılığı daha da güclənmişdi. Çünki Azərbaycanda Türkiyə Səfirliyinin Mədəniyyət və tanıtma müşaviri vəzifəsində çalışırdı. Bu dövrdəki fəaliyyətinin bilavasitə şahidi kimi, onun hər zaman Türkiyə və Azərbaycanı eyni səviyyədə düşündüyünü, hər iki ölkənin mədəniyyəti üçün durmadan çalışdığını, ədəbiyyat və incəsənət aləmində sayılan, seçilən bir şəxsiyyət olduğunu görmüş, bir jurnalist və yazar kimi təşkil etdiyi bir çox tədbirlərdə yer almışam.
İrfan Çiftçi həm intellektinə, həm milli mövqeyinə görə, həm də dünyada gedən proseslərə ətraflı bələd olan insan kimi çox ciddi, səmərəli fəaliyyət göstərirdi. Çünki o, mədəniyyətin, ədəbiyyatın təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada oynadığı ciddi rolu dərindən anlayır və bu yöndə əməli fəaliyyətini əzmlə davam etdirirdi”.