İşçilərin gecikdirilmiş 441,6 min manat maaşının ödənilməsi təmin edilibbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

ƏƏSMN-dən verilən məlumata görə, Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96,8 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.