İşğaldan əvvəlki Cəbrayıl rayonubackend

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.

Rayon Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur.

Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. “Canqulu” və “Qumtəpə”kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “Şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz” Sirik kəndindəki “Qala”, “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr , türk  qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.

Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Talıbzadə Fatimə Astan. Azərbaycan Dövlət Pedaqoji Universiteti