“İsraildə diplomatik təmsilçiliyimizin açılması deyil, açılmaması müəyyən suallar doğururdu” – DEPUTATbackend

Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlanmasını çox müsbət qiymətləndirirəm. İsraildə diplomatik təmisilçiliyimizin açılması deyil, açılmaması müəyyən suallar doğururdu.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkili vurğulayıb ki, Yaxın Şərqdə qardaş Türkiyədən sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı dost İsrail dövlətidir.

“İki ölkə arasında hərbi texniki əməkdaşlıq da son dərəcə mühüm əhəmiyyət kəsb edir. Onun müsbət nəticəsini İkinci Qarabağ müharibəsində gördük. Regionda dayanıqlı sülhün təminində əməkdaşlığın bundan sonra da mühüm rol oynayacağı fikrindəyəm. Hər iki tərəf əlaqələrin dərinləşməsində maraqlıdırlar. Bu, qarşılıqlı iqtisadi fayda ilə yanaşı, hər iki ölkəyə özünün təhlükəsizlik potensialını gücləndirmək və eyni zamanda yerləşdirikləri regionlarda geosiyasi təsirlərin artması baxımından əhəmiyyətlidir. Dost İsrailin Azərbaycanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeni alqışlayırıq”,- o deyib.

Onun fikrincə, Azərbaycan -İsrail münasibətlərinin dərinləşməsi və möhkəmlənməsi hər hansı üçüncü dövlətə qarşı deyil ,ola da bilməz.

“İki ölkə əlaqələri beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsrailin ardınca Fələstinə səfər etməsi bunun əyani göstəricisidir. Bu ondan xəbər verir ki, Azərbaycan beynəlxalq ziddiyyətlərin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır”,- deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov