“İstəyirəm oğlum unudulmasın” – Anar Nağılbazın anasıbackend

“Oğlum yaşasaydı, indi 47 yaşı tamam olacaqdı. Allah Anarıma rəhmət eləsin, heç bir anaya övlad dağı çəkdirməsin…”

Bu sözləri mərhum reper Anar Nağılbazın doğum günündə anası Şərqiyyə Cəbiyeva oğlunu yad edərkən Yenicag.az-a açıqlamasında deyib. O, rep dünyasında yenilik edən oğlunun bu gün də adının yaşadılmasını arzulayıb: “Anar sənəti ilə hamının yaddaşına köçdü. Amma ana üçün övladının yoxluğu çox ağırdır. Gecə-gündüz ağlamaqdan gözlərim də tutulub. Sağ olsaydı, balalarını da başına yığıb özünə doğum günü keçirərdi. Evimizin hər yerindən Anarım boylanır. Dünən qəbri üstünə getdim, o qədər ağlamışam, o qədər çağırmışam ki, ay Anar, bir dəfə anana cavab ver, görüm necəsən? İndi Anarın ətrini onun balalarından alıram. Uşaqları böyüyüb, oğlu 8-ci, qızı isə 4-cü sinifdə oxuyur. Yaxşı ki, yadigarları qalıb, onlarla təsəlli tapıram. Ən böyük arzum övladlarının toyunu görməkdir. Bir də istəyirəm ki, Anar heç vaxt unudulmasın, heç olmasa, doğum və anım günlərində efirlərdə, radiolarda onu xatırlasınlar. Onun musiqilərini səsləndirsinlər. Axı mənim də oğlum sənət dünyasında, rep aləmində yenilik edib, istəyirəm oğlum unudulmasın. Mən də baxım təskinlik tapım”.

Şərqiyyə xanım oğlunun tez-tez yuxusuna gəldiyini deyib ağlayır:

“Anar dünyasını dəyişəndən bir gün əvvəl də məni qucaqlayıb öpmüşdü. Elə yuxularımda da məni qucaqlayıb öpür. Onunla yuxularımda görüşüb danışanda o qədər xoşbəxt oluram ki… Elə bilirəm evimizdədir, sağdır”.