İsveç – Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxdıbackend

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda törətmək istədikləri mümkün təxribatın yeni detalları üzə çıxıb.

Bu barədə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbərinin sözlərinə görə, ermənilər matçda açmaq üçün yeni bannerlər hazırlayıblar: “Bu informasiya ilk gündən bizə ötürülüb. Məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmişik, indiyədək onlarla əlaqə saxlayırıq. Sizə göndərdiyim foto ermənilərin hazırladığı son bannerdir. Stadionda qanunsuz aksiya keçirmək istəyirlər. Təbii ki, Konqres üzvləri olaraq buna qarşı çıxacaq, həmin plakatların açılmamasına çalışacağıq. Çünki bu cür hallar İsveç qanunlarına ziddir. Stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları ola bilər”.

Mirzəyev bildirib ki, ermənilər çirkin əməllərini həyata keçirmək məqsədilə oyuna təqribən 100-200 bilet alıblar: “Onlar qondarma “Artsax” bayraqları ilə stadiona gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner sərgiləmək istəyirlər. Dünən də polislərlə danışmışam. Bu məsələnin üstünə ciddi düşüblər. Həm biz, həm də isveçlilər oyunda hansısa insidentin olmasını istəmirik. Ona görə yerli azarkeşlər də bizim tərəfimizdədirlər. Bu, futboldur, siyasi şüar səsləndirmək qanunsuzdur. İsveç mətbuatına da bununla bağlı açıqlama vermişik, demişik ki, ermənilər özlərini aqressiv aparırlar, diaspor fəaliyyətinə zidd hərəkətlərə hazırlaşırlar. İsveçdə feysbuk materialları rəsmi sənəd sayılır. Odur ki, yerli polis buna reaksiya verməli, məsələni araşdırmalıdır”.

O, məsələnin İsveç Futbol Federasiyasında da qaldırılmasına çalışdıqlarını əlavə edib: “Azərbaycanın İsveçdəki səfiri cənab Zaur Əhmədovla birlikdə şənbə günü milli komanda və AFFA rəhbərliyi ilə görüşümüz olub. Həm onları, həm də əfsanəvi futbolçumuz İqor Ponomaryovu məlumatlandırmışıq ki, bu gün İsveç Futbol Federasiyasının iclası olacaq. İstəyirik ki, AFFA bu məsələni həmin yığıncaqda da qaldırsın və mümkün təxribatın qarşısı alınsın. Sözsüz ki, banner hazırlamaq qanunsuz deyil, amma onu stadiona keçirmək olmaz”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla isə “Report”a açıqlamasında mümkün təxribatla bağlı bütün qabaqlayıcı addımların atıldığını vurğulayıb: “Bu söhbətlər ilk dəfə ortaya çıxmağa başlayanda UEFA-ya məlumat verilib. Azərbaycanın İsveçdəki səfirliyi ilə daimi təmaslarımız olur. Səfirin özü də bizimlə görüşüb. AFFA məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarını da məlumatlandırıb”.

Ermənilərin mümkün təxribatı ilə balı daha əvvəl də məlumat vermişdik.

Qeyd edək ki, bu gün Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.