İsveçin Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatdı – FOTObackend

Xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilli ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirin Azərbaycandakı diplomatik fəaliyyətinin önəmli tarixi hadisə olan 44 günlük Vətən Müharibəsində qələbəyə təsadüf etdiyi, bu xüsusda İsveçin həm ikitərəfli, həm də regional formatlarda dialoq üzrə səyləri nazir tərəfindən qeyd olunub. Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.

Nazir iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Səfir Kamill Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həm İsveçdə, həm də Azərbaycanda keçirilmiş tədbirlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov səfir Kristian Kamillə xoş arzularını çatdırıb.